Tramp seçkiləri uduzdu: Bundan sonra İran siyasətindən əl çəkəcək?

Tramp seçkiləri uduzdu: Bundan sonra İran siyasətindən əl çəkəcək?
SİYASƏT
14:44 04.11.2026
186
"Donald Trampın təmsil olunduğu Respublikaçılar Partiyasının Konqresə keçirilən aralıq seçkilərində məğlub olması siyasi proseslərin başa çatması demək deyil. Bildiyiniz kimi, iki ildən sonra növbəti prezident seçkiləri keçiriləcək. Bu baxımdan, Donald Trampın İranla bağlı konkret hədəfləri var. Həmin hədəflərin başında isə nüvə probleminin, xüsusilə İranın nüvə zənginləşdirməsi məsələsinin həlli dayanır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Natiq Miri bildirib. O qeyd edib ki, bu məsələ həllini tapmadan həm Donald Trampın siyasi karyerası, həm də təmsil olunduğu partiyanın növbəti prezident seçkilərindəki mövqeyi ilə bağlı çətinliklər yarana bilər:

"Ona görə də Tramp administrasiyasının ən azı Amerika ictimaiyyətinə təqdim etmək üçün müəyyən uğurlar əldə etməsinə ehtiyac var. Doğrudur, Tramp bunu aralıq seçkilərinə qədər edə bilmədi və nəticədə Respublikaçılar Partiyası seçkilərdə bunun mənfi təsirləri ilə üzləşdi. Ancaq bir daha qeyd edirəm ki, aralıq seçkiləri bütövlükdə siyasi mübarizənin başa çatması anlamına gəlmir. Bu, sadəcə, prosesin bir mərhələsidir. Ona görə də başda Donald Tramp olmaqla respublikaçılar İranla bağlı problemin ən azı özləri üçün uğurlu hesab ediləcək şəkildə həllinə çalışacaqlar. Bu isə ya İranla razılaşmanın əldə olunmasından, ya da hərbi əməliyyatların daha intensiv zərbələrlə müşayiət olunmasından keçə bilər. Hansı variantın seçiləcəyini zaman göstərəcək. Lakin hər bir halda, Donald Trampın hazırkı vəziyyətdə zəiflik nümayiş etdirəcəyini düşünmürəm. Respublikaçıların aralıq seçkilərində məğlubiyyəti müəyyən mənada İranın mövqelərini gücləndirmiş kimi görünür. İran rəsmiləri də bu nəticələri Amerika xalqının müharibəyə qarşı mövqeyinin göstəricisi kimi təqdim edirlər. Lakin bu, respublikaçıların siyasi mövqelərinin birdəfəlik zəifləməsi və ya siyasi mübarizədən kənarda qalması demək deyil. İki il ərzində siyasi vəziyyət dəyişə bilər”.

Politoloq əlavə edib ki, ictimai rəy sorğularında demokratların nüfuzunun respublikaçılardan üstün olduğu müşahidə edilmir:

"Əksinə, respublikaçıların nüfuzunun demokratları 10 faiz üstələdiyi də qeyd olunur. Sadəcə, bəzi ştatlarda ənənəvi siyasi mənzərədən fərqli olaraq, daha nüfuzlu və fərqli namizədlərin irəli sürülməsi respublikaçıların güclü mövqelərə malik olduğu ərazilərdə demokratların qələbə qazanmasına şərait yaradıb. Bu səbəbdən Donald Trampın İran siyasətindən imtina edəcəyini düşünmürəm. Əksinə, onun Amerika ictimaiyyətinə müəyyən bir qələbə təqdim etməsinə ehtiyac var. Bunun diplomatik yolla, yoxsa hərbi vasitələrlə əldə olunacağı isə hələlik bəlli deyil. ABŞ və İran arasında danışıqlar vasitəçilər vasitəsilə davam edir. Hələlik tərəflərin mövqelərini ciddi şəkildə yaxınlaşdırmaq mümkün olmayıb. Düşünürəm ki, İran nüvə məsələsinin müzakirəsinə yenidən imkan verməsə, Donald Trampın daha əvvəl səsləndirdiyi mövqeyə uyğun olaraq hərbi əməliyyatlar yenidən gündəmə gələ bilər. Çünki İsrail də bu istiqamətdə hazırlıqlarını tamamlayıb”.

Müsahibimiz vurğulayıb ki, İsrail sülh danışıqları əvəzinə Donald Trampı yeni hərbi əməliyyatlara sövq etməyə çalışır:

"Məqsəd İranın nüvə mərkəzlərinə yenidən ağır zərbələr endirilməsi, onların bərpası mümkün olmayacaq vəziyyətə salınması, eləcə də raket və dron istehsalı müəssisələrinin, anbarların və digər strateji obyektlərin hədəfə alınmasıdır. İsrailin planları sırasında İranı uzun müddət enerji böhranı ilə üz-üzə qoya biləcək enerji infrastrukturunun məhv edilməsi də yer alır. Bu baxımdan, İsrail ABŞ-ni və onun prezidentini daha intensiv və güclü zərbələrlə müşayiət olunan hərbi əməliyyatlara başlamağa təşviq edir. Əlbəttə, bütün bunlar İranın davranışından və danışıqlar prosesinin gedişindən asılı olacaq. Lakin Donald Trampın İran siyasətindən imtina etdiyini qətiyyən söyləmək olmaz. Bu məsələ həm Tramp administrasiyası, həm də Respublikaçılar Partiyası üçün gələcək siyasi perspektiv baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, ABŞ-nin strateji müttəfiqi olan İsrail amili də burada mühüm rol oynayır. Çünki İsrailin təhlükəsizliyi bilavasitə ABŞ ilə münasibətləri və Vaşinqtonun dəstəyi ilə bağlıdır”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR