Qəzza zolağında İsrail hücumları zamanı yaralanan mülki şəxsləri müalicə edən Misir əsilli amerikalı müsəlman həkim Adam Hamaui ABŞ Konqresinə seçilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Demokratlar Partiyasının namizədi olan Hamaui Nyu-Cersi ştatını Nümayəndələr Palatasında təmsil edən ilk müsəlman olacaq.
Hamaui 12-ci seçki dairəsində respublikaçı rəqibi Qreq Meleyə qalib gəlib. O, səslərin 74,8 faizini, rəqibi isə 25 faizini toplayıb. Həkim 2027-ci ilin yanvarından Bonni Uotson Koulmanın yerini tutacaq.
Adam Hamaui kimdir?
Misirdə anadan olan Hamaui 7 aylıq olarkən ailəsi ilə ABŞ-yə köçüb. Rutgers Universitetində biologiya təhsili alan həkim 1996-cı ildə tibb fakültəsini bitirib, ümumi, plastik və rekonstruktiv cərrahiyyə üzrə ixtisaslaşıb. 2003-cü ildən ABŞ ordusunda xidmət edib, 2011-ci ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxıb.
O, Bosniya və Herseqovina, Sudan, Livan, Suriya, Haiti, İordaniya və Türkiyə də daxil olmaqla müxtəlif müharibə və fəlakət bölgələrində könüllü tibbi missiyalarda iştirak edib.
ABŞ senatorunun həyatını xilas edib
Hamaui 2001-ci il 11 sentyabr hücumlarından sonra Nyu-Yorkda yaralıların müalicəsində iştirak edib. 2004-cü ildə İraqda hərbi cərrah kimi xidmət edərkən helikopter hücumunda ağır yaralanan amerikalı hərbçi Temmi Dakvortun həyatını xilas edən tibbi heyətdə yer alıb.
Hər iki ayağını itirən Dakvort sonradan ABŞ senatoru seçilib və Hamauinin namizədliyini dəstəkləyib.
Hamaui 2024 və 2025-ci illərdə Qəzzada tibbi missiyalarda iştirak edərək İsrail hücumlarından yaralanan mülki şəxsləri, o cümlədən uşaqları müalicə edib.
Gülay











































