2011-ci ilin ən yaxşı futbolçularını mükafatlandırılması mərasimi keçirilib. AFFA-nın təşkil etdiyi tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblərin adları məlum olub. Milli komandanın ən yaxşı futbolçusu, ən çox oyun keçirən futbolçusu və qapıçısı ilə yanaşı, ilin ən yaxşı qadın, çimərlik futbolçusu və futzalçısı müəyyənləşib. Yığıncaq millimizin baş məşqçisi Berti Foqtsun ilk dəfə belə tədbirdə iştirakı ilə əlamətdar olub. Belə ki, 65 yaşlı almaniyalı mütəxəssis 2009 və 2010-cu illərdə dekabrın 19-da vətənində olduğu üçün “Landmark”da təşkil olunan tədbirlərə qatıla bilməmişdi. Bu dəfə Bakıda olan almaniyalı ən əsas nominasiyanın – ilin futbolçusunun mükafatını təqdim edib. Milli komandada ən çox oyun keçirən futbolçular Rəşad Sadıqovla Kamran Ağayev (9 oyun) olub. Ağayev həm də yığmamızın ən yaxşı qapıçısı seçilib. 17 yaşadək qızlardan ibarət yığmanın ən yaxşı futbolçusu – Əminə Heydərova olub. İlin ən yaxşı futzalçısı Vitali Borisov, ilin ən yaxşı futbolçusu isə Rauf Əliyev olub. Çimərlik futbolunda isə ən yaxşı adını Elvin Quliyev qazanıb.