Rusiya ilə Qərb dünyası arasında Afrikada dominantlıq uğrunda qarşıdurma Nigerdəki dövlət çevrilişi ilə daha da şiddətlənib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Rusiyanın muzdlu qruplaşması "Vaqner” isə qitədə baş verən bir çox hadisələrdən sonra ortaya çıxıb.
2020-ci ildən bəri Afrikanın qərbindən şərqinə qədər uzanan Sahel bölgəsində Mali, Niger, Çad və Sudanda çevrilişlər baş verib. Çevrilişin baş verdiyi ölkələr tədricən Fransa və Avropadan uzaqlaşarkən, Burkina Faso da son vaxtlar "Qərbə qəzəbli”lər siyahısına qoşulub. 2020-ci ildən Afrikada yaşanan gərginlik həm də qitə boyu Qərblə Rusiya arasında yeni güc savaşının başlayıb-başlamaması sualını gündəmə gətirir.
Rusiyada Prezident Vladimir Putinə qarşı üsyana cəhd edən şirkətin rəhbərlərindən olan Yevgeni Priqojin Nigerdəki çevrilişi dəfələrlə dəstəkləyib. Vaqnerin bölgədəki daxili qarşıdurmalarda vuruşması və çevriliş cəhdlərində tərəf tutması daha əvvəl ABŞ Müdafiə Nazirliyinin hesabatlarında öz əksini tapıb.
Vaqner 2017-ci ildən Afrikada fəaliyyət göstərir. Şirkətin qitədəki beynəlxalq hesabatlarında əksini tapan ilk hərəkəti, həmin il keçirilən ümumi seçkilərdə Madaqaskar prezidentinin müdafiəsini öz üzərinə götürmələri olub. 2019-cu ildə Vaqner rəsmi dəvət alıb, bu dəfə Mozambik hökuməti ölkənin müdafiə qüvvələrinə dəstək verib və 200 Vaqner əsgəri terrorla mübarizə və üsyanla mübarizə təlimləri keçirmək üçün ölkəyə gedib.
2017-ci ildə Sudan hökuməti tərəfindən himayəyə götürülən Vaqner əsgərləri ölkənin Cənubi Sudanla mübarizəsi zamanı qızıl, uran və zinət əşyaları mədənlərini qoruyub. Bu gün hərbi şirkət hələ də Sudan ordusunun zabitlərini öyrətməklə yanaşı, ölkənin mədən və enerji sektorlarında ən böyük təhlükəsizlik firması kimi mövcuddur. Məlum olub ki, Vagner şirkəti 2021-ci ildə Sudanda baş verən çevrilişdən sonra ölkədə xeyli güclənib və bir çox gəlirli mədən müqavilələri də qazanıb.
Vaqnerin 2018-ci ildən Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərdiyi də hesabatlarda əksini tapan məlumatlar arasındadır. Vaqnerin bu ölkəyə girişi digərləri kimi, prezidentin və ölkədəki strateji mədənlərin müdafiəsi ilə bağlı razılaşma ilə olub. Pentaqonun məlumatına görə, 2018-ci ildə şirkətin ölkədəki hərbi mövcudluğu 1400 nəfərdən çox olub. Bildirilir ki, 2021-ci ildə ölkədə daxili qarışıqlıqlar artdıqdan sonra Rusiya bölgəyə daha çox "Vaqner” muzdlusu göndərib.
Həmçinin Vaqnerin 2018-ci ildən bəri Liviyada 3 hərbi bazası var. Haftar qüvvələrinə dəstək verən hərbi şirkətin tərkibində ölkədə 1400-dən çox muzdlu var.
İngiltərənin "The Economist” jurnalının araşdırmasına görə, Vaqnerin Afrika, Kamerun, Konqo, Ekvatorial Qvineya, Cənubi Afrika Respublikası, Zimbabve və Keniyada da siyasi və ticarət müqavilələri imzaladığı bildirilir.
Mikayıl