Aİ-95 markalı benzinə tələbat niyə azalıb? - İqtisadçı səbəbi açıqladı

Aİ-95 markalı benzinə tələbat niyə azalıb? - İqtisadçı səbəbi açıqladı
İQTİSADİYYAT
14:27 29.10.2025
281
Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı kəskin azalıb. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1 milyon 81,3 min ton avtomobil benzini istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin dövrdə 13,8 min ton Aİ-95 markalı benzin istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz azdır. 

İqtisadçı-ekspert Razi Abbasbəyli AZXEBER.COM-a açıqlamasında bildirib ki, bunun bir neçə əsas səbəbi var:

"İlk səbəb ondan ibarətdir ki, bazarda Aİ-95 markalı premium benzininə olan tələb azalıb. Son illərdə Azərbaycana əsasən elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin idxalı artdığı üçün bu növ yanacağa ehtiyac azalıb. Nəticə etibarilə, Aİ-95 markalı benzinin tələbi ümumi şəkildə aşağı düşüb. Bununla yanaşı, istismar müddəti 10 ildən artıq olan və əsasən Aİ-92 markalı benzinlə işləyən avtomobillərin çoxluq təşkil etməsi də bu azalmaya təsir edib”.
 


Ekspert deyib ki, eyni zamanda investisiya çatışmazlığı problemi mövcuddur:

"SOCAR tərəfindən yeni başlanmış Aİ-95 markalı benzin istehsalı ilə bağlı əlavə investisiyaların ayrılması planlaşdırılsa da, texnoloji yeniliklərin tətbiqi üçün nəzərdə tutulan vəsaitlər hələlik ayrılmayıb. Bu səbəbdən modernləşmə prosesi tam başa çatmayıb və nəticədə Aİ-95 markalı benzinin istehsalında azalma müşahidə olunub”.

İqtisadçı qeyd edib ki, gələcək illərdə investisiyaların ayrılması baş tutarsa, Aİ-95 markalı benzinin istehsalını artırmaq mümkün olacaq:

"Gələcək illərdə planlaşdırılan texnoloji yeniliklər və investisiyaların ayrılması baş tutarsa, Aİ-95 markalı benzinin istehsalını artırmaq mümkün olacaq. Lakin həm daxili bazarda tələbin azalması, həm də xarici bazarlara ixracla bağlı yeni layihə və razılaşmaların olmaması səbəbindən, hələlik SOCAR və Bakı Neft Emalı Zavodu Aİ-95 markalı benzinin istehsalını artırmağı planlaşdırmır. İqtisadi baxımdan bu prosesin rentabelli hesab edilməməsi səbəbilə investisiyaların ayrılması da gözlənilmir. Əgər vəziyyət bu templə davam etsə, daxili bazarda Aİ-95 markalı benzinin istehsalı bir qədər də azala bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR