Avropa İttifaqı Rusiyanı kamikadze pilotsuz uçuş aparatları ilə təmin etdiyinə görə İrana sanksiya tətbiq edə bilər.
Almaniya, Fransa və Hollandiya da daxil olmaqla, Aİ-yə üzv 11 ölkə İrana qarşı yeni sanksiyalar paketini qəbul etmək üçün Brüsselə müraciət edib.
Sanksiya siyahısında fiziki və hüquqi şəxslərin adları var. Nəşrin məlumatına görə, kamikadze-dronların istehsalına və ya çatdırılmasına cavabdeh olan ümumilikdə səkkiz iranlı şəxs və quruma sanksiya tətbiq edilə bilər. Sanksiyaların mahiyyəti barədə hələ məlumat olmasa da ehtimal ki, bunlar Şengen zonasına giriş qadağaları və İranın dron proqramında iştirak edən şirkətlərə maliyyə sanksiyalarıdır.
Qeyd edək ki, son bir neçə gündə Rusiya İran istehsalı olan "Şahed 136” tipli pilotsuz təyyarələri vasitəsilə əsasən, Ukraynanın enerji infrastrukturunu hədəf alaraq bir neçə böyük şəhəri vurub.
///Apa