Avropa İttifaqı Rusiyanın bir neçə telekanalına sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə Aİ-nin Rusiyaya qarşı təsdiqlədiyi 9-cu sanksiyalar paketində öz əksini tapıb.
"Rusiya Federasiyasının qonşu ölkələrdə, Aİ və üzv dövlətlərdə sabitliyi pozmağa yönəlmiş sistematik, beynəlxalq dezinformasiya və məlumat manipulyasiya kampaniyasına qarşı Şura dörd əlavə media orqanının yayım lisenziyasının dayandırılması prosesini başladıb. Onlar arasında N TV / N TV Mir, Rossiya 1, REN TV və "Birinci kanal" yer alıb. Bu media orqanları Rusiya Federasiyasının rəhbərliyinin daimi birbaşa və ya dolayı nəzarəti altındadır və Rusiya Federasiyası tərəfindən Rusiyanın təcavüzünü qanuniləşdirən və Ukraynaya dəstəyi zəiflədən davamlı və razılaşdırılmış dezinformasiya və müharibə təbliğat fəaliyyətləri üçün istifadə olunur", - bildirilib.
Qeyd olunub ki, Əsas Hüquqlar Xartiyasına uyğun olaraq, bu tədbirlər həmin media orqanlarının və onların əməkdaşlarının Aİ ərazisində yayımına icazə verməsə də, onların başqa fəaliyyət göstərməsinə, məsələn, araşdırmalara və müsahibələrə mane olmayacaq.