Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqi artırmağı zəruri hesab edir və Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Siyasi Birliyinin sammiti ərəfəsində jurnalistlərə bildirib.
Fon der Lyayen qeyd edib ki, "Avropa Siyasi Birliyi” Rusiyanın Ukraynaya müdaxiləsi zaman yaradılıb: "Birlik Avropanın cavabını formalaşdırmaq və qitədə sabitliyi təmin etmək üçün yaradılmışdı. İndi birliyin üç yaşı var. Son günlərin hadisələri çox şey göstərdi. Rusiya Prezidenti Vladimir Putin əvvəlcə 9 may ərəfəsində atəşkəsə çağırdı, lakin özü buna əməl etmədi", - Avropa Komissiyasının rəhbəri bildirib.
Fon der Lyayen əlavə edib ki, sonra Ukrayna Aİ və Birləşmiş Ştatların dəstəyi ilə 30 gün müddətinə tam və qeyd-şərtsiz atəşkəsə çağırsa da, Rusiya bunu qəbul etməyib.
"Nəhayət, Putin Ukrayna ilə Rusiya arasında Türkiyədə birbaşa görüş keçirməyi təklif etdi. Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlara hazır idi, lakin Putin heç vaxt görünmədi. Bu, Putinin əsl niyyətlərindən xəbər verir - ünsiyyətə girmək istəmir. Buna görə də təzyiqi artırmağımız lazımdır. Biz məhz bununla məşğuluq. Yeni sanksiyalar paketi hazırlayırıq", - Avropa Komissiyasının Prezidenti qeyd edib.
Onun sözlərinə görə, bu paketə, xüsusilə, "Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərinə sanksiyaların tətbiqi daxildir: "Həmçinin, sanksiya siyahısına Rusiyanın yeni gəmiləri daxil ediləcək. Bundan əlavə, Rusiyanın maliyyə sektoruna qarşı əlavə tədbirlər nəzərdə tutulub. Nəticədə, biz sülh istəyirik. Bu o deməkdir ki, Prezident Putin danışıqlara hazır olana qədər ona təzyiqi artırmalıyıq".
///report