Aida İmanquliyevanın elmi-tədqiqat fəaliyyətinə həsr olunan ədəbiyyat sərgisi keçirilir

MƏDƏNİYYƏT
18:10 11.10.2013
1348

Sərgi 15 gün davam edəcək

AMEA-nın Mərkəzi Elmi kitabxanasında görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın zəngin elmi-tədqiqat fəaliyyətinə həsr edilən sərgi açılıb.
«Küləklər köpükləri dağıdacaq, amma dəniz və sahil əbədi qalacaq» bu fikir Aida İmanquliyevanın xalqımıza tanıtdığı ərəb ədibi Cübran Xəlil Cübrana məxsusdur. Bəli, Aida xanımın yaradıcılığı sahilinə sığmayan bir dənizə bənzəyir. Şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın qələmə aldığı hər bir əsər, apardığı elmi araşdırmalar onun böyük söz sahibi və kamil şəxsiyyət olduğunu bir daha təsdiq edir. Aida xanımın araşdırmaları şərqşünaslığın nadir inciləri kimi elm tariximizdə özünə mühüm yer tutur. Həm Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə, eləcə də Asiya və Afrika xarici ölkə ədəbiyyatları ixtısası üzrə müdafiə şurasının sədri olduğu vaxtlarda Aida İmanquliyevanın bir çox kitab və monoqrafiyası, tərcümə və elmi məqalələr toplusu nəşr olunub. Böyük alimlər özlərindən sonra həmişə məktəb yaradıblar. Aida xanımın da ədəbi irsi onun məktəbinin davamçıları tərəfindən layiqincə tədqiq olunur. Bu fikirlər AMEA-nın Mərkəzi Elmi kitabxanasında görkəmli şərqşünas alimin zəngin elmi-tədqiqat fəaliyyətinə həsr edilən sərginin açılışında səsləndirildi. Bildirildi ki, professor Aida İmanquliyeva ömrünü elmi axtarışlara sərf etsə də, onun həyatda əsas amalı gənc alimlərə yol göstərmək, onlara dəstək olmaq idi. Məhz bu baxımdan da onun əsərlərinin təbliği vacibdir.
Qeyd edək ki, sərgidə 3 monoqrafiya, o cümlədən 70-dən artıq elmi məqalənin müəllifi olan ərəbşünas alim Aida İmanquliyevanın 100-dən artıq kitabı, virtual görüntüləri, foto və filmləri nümayiş olunur. Sərgi 15 gün davam edəcək.

OXŞAR XƏBƏRLƏR