Azərbaycanda ailələrin pullarını hara xərcləməsi ev təsərrüfatı başçısının təhsil səviyyəsindən də asılıdır.
Rəsmi statistikaya əsasən, ali təhsilli şəxslərin rəhbərlik etdiyi ailələr xərclərini digər ailələrdən fərqli şəkildə bölüşdürür.
AZXEBER.COM xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, ali təhsilli ev təsərrüfatı başçısına malik ailələr istehlak xərclərinin 41,5 faizini ərzaq məhsullarına sərf edir. İbtidai və ya ondan aşağı təhsilli ev başçısının olduğu ailələrdə isə bu göstərici 47,8 faizə çatır. Bu isə həmin ailələrin büdcəsinin daha böyük hissəsinin gündəlik qida ehtiyaclarına yönəldiyini göstərir.
Məlumata görə, ali təhsilli ailələr təhsil, nəqliyyat, istirahət və mədəniyyət xidmətlərinə də daha çox vəsait ayırır. Belə ki, onlar istehlak xərclərinin 2,2 faizini təhsilə, 7,9 faizini nəqliyyata, 4,3 faizini isə istirahət və mədəniyyət xidmətlərinə sərf edir.
Bununla yanaşı, su, elektrik enerjisi, qaz və digər yanacaq xərclərinin payı təhsil səviyyəsi aşağı olan ailələrdə daha yüksəkdir. Bu istiqamətdə xərclərin payı ali təhsilli ailələrdə 7,4 faiz, ümumi orta təhsilli ailələrdə 8,4 faiz, ibtidai və ya ondan aşağı təhsilli ailələrdə isə 8,1 faiz təşkil edir.
Statistika göstərir ki, ev təsərrüfatı başçısının təhsil səviyyəsi aşağı düşdükcə təhsilə ayrılan vəsaitin payı da azalır. Belə ki, ali təhsilli ailələr istehlak büdcəsinin 2,2 faizini təhsilə yönəltdiyi halda, ibtidai və ya ondan aşağı təhsilli ailələrdə bu göstərici cəmi 0,4 faizdir.
Fəridə Əsədzadə











































