28 yaşlı Sakit Ələkbərovla 21 yaşlı Sevinc Quliyeva 2007-ci ilin oktyabr ayında ailə həyatı qurmuşdular. Xala qızı-xala oğlu olan gənclər bir-birlərini sevib evlənmişdilər. Bu nikahdan onların qız övladı da dünyaya gəlmişdi. Adını Gunay qoyduqları qız uşağı doğulandan etibarən zəif və xəstə idi. Gənc valideynlərin işi-gücü polinikalarda övladlarını müalicə etməklə keçirdi.Körpə Günayın gah ağ ciyərində, gah ürəyində, gah da qanında problemlər aşkar edilirdi. Həkimlər isə bu problemlərin yaranmasını uşağın valideynlərinin qohum olması ilə izah edirdilər. Tibb işçilərinin bir qədər sorğu-sualından sonra gənclərin ata-analarının da dayı qızı-bibi oğlu olduqları aşkara çıxdı.Qeyd edim ki, altı aydan sonra balaca Günayın doğulduğu gündən üzləşdiyi əzab-əziyyətlər bitdi. Günay dünyasını dəyişdi. Gənc yaşlarında övlad acısı yaşayan gənclər Bakının Novxanı kəndinin sakinləridir. Elə qohumlar arasında nigah da daha çox Bakı kəndləri və ölkəmizin cənub bölgəsinin payına düşür. Misal olaraq çəkdiyimiz ailənin taleyi ilə üzləşən ailələrin sayı bu bölgələrdə şübhəsiz ki, çoxdur.Azərbaycanda talassemiya xəstələrinin sayı hər il artırElə Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ölkədə talassemiya xəstələrinin sayı hər il artır. DSK-nin statistikasına görə, müalicə-profilaktika müəssələrində qeydiyyatda olan talessemiya xəstələrinin 2005-ci ildə sayı 656, 2007-ci ildə 1261, 2008-ci ildə 1271, 2009-cu ildə 1457, ötən il isə 1650 olub. Bu statistik göstərici qan xəstəliyinin Azərbaycanda nə qədər sürətlə artdığına bir sübutdur.Talassemiya nədir?İrsi qan xəstəliyi olan talassemiya ilk dəfə qohumlar arasında nikahın dəbdə olduğu İtaliyanın Siciliya adasında aşkar edilib. Bu xəstəlik Avropada ən çox İtaliya, Yunanıstan və Kiprdə geniş yayılıb. Kiprdə hətta əhalinin 33-40 faizdən çoxu talessemiya xəstəliyinin daşıyıcısıdır. Ancaq avropalılar bu xəstəlikdən yaxa qurtarmağın yolunu demək olar ki, tapıblar. Belə ki, Avropada tibbi diaqnostika vasitəsilə talassemiya xəstəliyinin daşıyıcısı olan şəxsin övladınən hələ ana bətnində olarkən bu xəstəliyin daşıyıcısı, yaxud da xəstəsi olacağı müəyyənləşdirilir. Bundan sonra talassemiya xəstəsi olacaq uşaq tibbi abort vasitəsilə məhv edilir. Bu üsulla son zamanlar Avropa ölkələrində talassemiyaya yoluxan xəstələrin faizində azalma müşahidə olunur.Talassemiyanın iki – talassemiya daşıyıcılığı və böyük talassemiya xəstəliyi formaları var. Xəstəliyin 1-ci forması - talassemiya əlamətlərinin daşıyıcıları sağlam olur. Amma onlar bu patoloji geni öz uşaqlarına ötürə bilərlər. Talassemiya genini yalnız bir valideyndən alan uşaq talassemiyanın daşıyıcısına çevrilir.Böyük talassemiyaya isə bu xəstəliyin genini hər iki valideyndən alan uşaq düçar olur. Bu, erkən uşaqlıq dövründə inkişaf edən çox ağır irsi qan xəstəliyi hesab edilir. Anadangəlmə xəstəlik olan talassemiya müəyyən müddət gizli keçir. 3-11 aylığından başlayaraq isə xəstə uşaqlarda hemoqlobinin miqdarı azalır. Onların rəngi solur, iştahları və yuxuları pozulur. İllər ötdükcə, belə uşaqlar fiziki inkişafa görə həmyaşıdlarından geri qalırlar. Onların daxili orqanlarında (qaraciyər, dalaq, ürək-red.) və sümüklərində dəyişikliklər baş verir. Bu isə sonda uşaqların xarici görünüşünün dəyişməsinə gətirib çıxarır. Böyük talassemiyaya düçar olan uşaqları müalicə etmək üçün onlara ömürləri boyu hər ay qan köçürmək lazımdır. Ancaq bu özü də sonda xəstə uşaqda digər problemlərin yaranmasına gətirib çıxarır. Belə müalicə alan uşaqların orqanizmində dəmirin miqdarı artır. Artıq dəmir xəstələrin daxili orqanlarında yığılır, bu isə öz növbəsində daxili orqanların fəaliyyətini pozur. Bunun nəticəsində xəstələrdə ürək-damar çatışmazlığı, qaraciyər xəstəliyi və endokrin pozğunluqlar (hormonal pozğunluq-red.) əmələ gəlir. Buna görə də xəstələrin bədənində olan artıq dəmiri orqanizmdən xaric etmək lazımdır. Bu xəstəlik əsasən qohumların nigahından törənən övladlarda üzə çıxa bilər.Hər talassemiya xəstəsinin illik müalicəsinə 15 min manat sərf edilirHematologiya və Transfuziologiya İnstitutunun baş həkimi, tibb elmləri namizədi İsgəndər Bağırov da ANS PRESS-ə Bakının Maştağa, Buzovna və Bilgəh kimi kəndlərində digər qan xəstəliyi olan hemofliyanın dünya göstəricisindən bir neçə dəfə yüksək olduğunu bildirir. Baş həkim bunu kəndlərdə qohumlar arasında nikaha daha çox üstünlük verilməsi ilə əlaqələndirir: “Ola bilər ki, qohumların nikahı nəticəsində qan xəstəlikləri onların övladlarında deyil, nəvələrində üzə çıxsın. O ki qaldı talassemiya xəstəliyinə-tibbi hesalablamalara görə, Azərbaycanda bu xəstəliyin daşıyıcısı bir milyon nəfərdir. Bu isə o deməkdir ki, Azərbaycanda hər 9 nəfər şəxsdən biri talassemiya xəstəliyinin daşıyıcısıdır”.İsgəndər Bağırov iki talessemiya xəstəliyinin daşıyıcısı olan şəxsin ailə quracağı təqdirdə onların dünyaya gətirdikləri övladların xəstəliyə tutulmaq riskindən də danışıb. “Əgər talassemiyanın daşıyıcısı olan şəxslər ailə həyatı qurarsa və onların 4 uşağı doğularsa, genetik Mendelin hesablamalarına görə, bu uşaqlardan ikisi talassemiyanın daşıyıcısı, üçüncüsü praktik sağlam, nəhayət dördüncü uşaq isə böyük talassemiya xəstəsi olacaq. Buna görə də nikahdan əvvəlki tibbi müayinə vacibdir. Onu da bildirim ki, bir talassemiya xəstəsinin bir illik qanla təmin edilməsi 10, 12 bəzən də 15 min manata başa gəlir. Bu böyük bir rəqəmdir”, - deyə İsgəndər Bağırov bildirib.İslamda qohumlar arasında nikah bəyənilirmi?Bir həqiqət də var ki, bəzi vətəndaşlarımız hələ də qohumları ilə nikaha girməyə üstünlük verirlər. Ölkəmizdə bəzən belə bir səhv təsəvvür yaranır ki, qohumların evlənməsi İslamda bəyənilən əməllərdəndir. Adətən qohumları ilə nikaha girməyə üstünlük verən şəxslər özlərinə İslamda “əmiqızı ilə əmioğlunun kəbini göydə mələklər tərəfindən kəsilib” deyə haqq qazandırırlar.İlahiyyatçı alim Hacı Şahin Həsənli ANS PRESS-ə qohumlar arasında nikah bağlanmasının İslamda təqdirəlayiq hal olmadığını bildirir. İlahiyyatçı alim xüsusilə son dövr din alimlərinin yaxın qohumların evlənmələrindən çəkiməyə çağırdıqlarını bildirir: “İslam elmi sübutları əsas götürür. Din müsəlmanları bu cür nikaha girməkdən çəkindirir. Qurani-Kərim və hədislərdə yaxın qohumların evlənməsini təqdir eləyən heç bir fikir yoxdur. Əksinə dinimiz yadlarla qohum olmağı tövsiyə edir”.Hacı Şahin Həsənli insanlar arasında İslamda yaxın qohumların nikaha girməsini təbliğ edilməsi fikirlərini xurafat adlandırır. İlahiyyatçı alim bu fikrin din adına çıxılmasını pisləyib.Azərbaycanda nikaha qədər tibbi müayinə məcburi ola bilərAzərbaycanda nikahdan əvvəl tibbi müayinə çox vacibdir. Bu barədə Milli Məclisdə keçirilən sosial dinləmələrdə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.O, qeyd edib ki, əgər talassemiya xəstələri nikaha girirsə, uşaq xəstə doğulur.“Əgər nikaha girənlər pulla arayış alarlarsa, Cinayət Məcəlləsinə görə məsuliyyət daşıyacaqlar. Saxta arayış verən həkim cəzalandırılacaq. Artıq bu barədə layihə hazırlanır”,-deyə H.Rəcəbli vurğulayıb.Komitə sədri deyib ki, Ailə Məcəlləsində mülkiyyət müqaviləsi barədə deklorativ maddə var. “Mülki Məcəllədə isə mülkiyyət müqaviləsi könüllüdür. Son 6-7 ildə boşanmalar 2 dəfə artıb. İl ərzində 8 min 700 nəfər boşanır”,-deyə o, əlavə edib.H.Rəcəbli bildirib ki, burada konfedensiallıq məsələsi var, nikaha girən gənclər və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsinin rəisi, bir də həkimlər sirr daşıyıcısı olacaqlar. Komitə sədri onu da deyib ki, xəstəlik daşıyıcısı olmaları gənclərin nikaha girməsini əngəlləməyəcək.Hadı Rəcəbli nigaha qədər məcburi tibbi mayinə təşəbbüsünün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən gəldiyini bildirib. Ailə Məcəlləsinə ediləcək dəyişiklikdə tibb müəssisələrində pulsuz tibbi müayinənin təşkil edilməsi də nəzərdə tutulacaq. Hadı Rəcəblinin sözlərinə görə, qanun layihəsinin qəbul edilməsindən sonra nigaha girmək üçün VVAQ-a müraciət edən gənclər mütləq sağlamlıq haqqında arayış təqdim etməlidirlər. Bu prosedura əməl etməyən VVAQ direktorları isə məsuliyyətə cəlb edilə bilərlər. Əgər gənclər VVAQ qeydiyyatından keçməyərək münasibətlərini kəbinlə rəsmiləşdirmək qərarına gəlsələr, bu zaman yerli icra orqanları nümayəndələri gənclərin tibbi müayinədən keçməsinə nəzarət etməlidir.Sonda onu da bildirək ki, bir çox ölkələrdə tərəflər nikaha daxil olmazdan əvvəl bir-birlərinin sağlamlıqları ilə maraqlanırlar və bu səbəvdən bunun qanuna salınması o qədər də vacib deyil. Ancaq Azərbaycanda bu təcrübə demək olar ki, yoxdur. Bu səbəbdən şimal qonşumuz Rusiyada nikaha qədər tibbi müayinə məcburi olmasa da, nikaha girən gənclər könüllü şəkildə pulsuz tibbi müyinədən keçə bilərlər. Rusiya Ailə Məcəlləsinə görə, nikaha daxil olan tərəflərdən birinin tibbi müayinəsi haqda informasiya yalnız həmin şəxsin razılığı olduqda digər tərəfə göstərilə bilər. Bundan başqa əgər nikaha daxil olmuş tərəflərdən biri digərindən xəstəliyi barədə məlumatı gizlədərsə, əks tərəfin məhkəməyə müraciət edərək nikahın qüvvədən düşdüyünü iddia etmək haqqı var.Qardaş ölkə olan Türkiyədə isə nikaha qədər tibbi müayinə məcburidir. Burada nikah bağlamaq üçün bələdiyyələrə müraciət edildiyindən hər bir bələdiyyənin tələnləri də fərqli ola bilər. Məsələn, hansısa bələdiyyə HİV, QİÇŞ və siflis barədə, digərləri isə vərəm və s. xəstəliklər barədə arayış tələb edə bilər. Bu arayış təqdim edilmədikdə isə nikah bağlanmır. Lakin arayış təqdim edildikdən sonra tərəflər evlənib evlənməmək məsələsində sərbəstdirlər.