Son 10 ildə Azərbaycanda talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb.
AZXEBER.COM xəbər verir ki, bunu MOxu.Az-a Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə ölkə üzrə talassemiya ilə əlaqədar 12 sümük iliyi transplantasiyası aparılıb:
"İl ərzində nikaha daxil olmaq istəyən 130 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3611 talassemiya daşıyıcısı, 103 qazanılmış immun çatışmazlığı sindromu (QİÇS), 422 sifilis xəstəliyi aşkar edilib”.
Şöbə müdirinin sözlərinə görə, müayinə zamanı talassemiya daşıyıcısı olan 38 cütlük aşkarlanıb və onlardan hamilə qalmış 24 qadının hər birindən döl materialının nümunəsi götürülərək, müayinə olunub:
"Ümumilikdə, xəstəlik müəyyən edilmiş 10 halda qadınlara hamiləliyin pozulması məsləhət görülüb və həyata keçirilib. Bu da o deməkdir ki, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır”.
G. Poladov qeyd edib ki, hazırda respublikada 1583 hemofiliyalı xəstə qeydiyyatdadır.