Psixoloq Səbinə Bayramova
Uşağınıza kim baxarsa baxsın, şübhəsiz ki, heç kim onu sizin qədər düşünə və sevə bilməz. Lakin işləyən analar üçün bu bir qədər çətindir və işləyən analar işə başlayacağı zaman dayə tapmaqda çox zaman çətinlik çəkirlər. İlk olaraq, axtardığınız dayədə hansı özəlliklərin olmasını istədiyinizi yoldaşınızla birlikdə qərar verməli və qarşı tərəfə bunu dəqiq şəkildə bildirməlisiniz.

Dayə olaraq tanınan şəxs isə daha öncə də dayəlik etmiş təcrübəli biri olmalıdır amma hər ehtimala işlədiyi ailələrlə əlaqə saxlayıb dayə haqqında təəssüratlarını öyrənməlisiniz.
Dayənin uşağınızla münasibət qura bilməsi önəmli olduğundan uşaq psixologiyası və inkişaf dövrlərindəki xüsusiyyətləri bilən, Azərbaycan dilində (ana dilində) gözəl danışan, gülər üzlü, şəfqətli, nizamlı, əli iti, tolerant, gigiyenaya önəm verən, uşaq baxımını bilən, obsessiyaları (davamlı narahatlıq, vəsvəsə) olmayan sağlam biri olmalıdır.
Ani situasiyalar qarşısında uşağınıza qarşı sakit, özünü idarə edə bilən biri olması uşağınızın inkişafında yararlı və müsbət təsirli olacaqdır.
Unutmayın ki, uşağınız vacib situasiyalar olmadıqca öz evinizdə baxılmalıdır, xüsusilə də gecə və həftə sonları dayə evində qalmamalıdır. Çünki bu, uşağınızın öyrəşdiyi, özünü güvəndə hiss etdiyi mühitindən uzaqlaşması və bundan təsirlənməsi deməkdir.
Qeyd edim ki, tez-tez dayənin dəyişməsi uşağınızda uyğunlaşma probleminə yol açar, güvən və emosional yöndən isə zəif bir psixologiya içində olmasına səbəb olar. Bu da öz növbəsində uşağınızın əsəbi, aqressiv, hücumçu, zəif, özünə qapanan olmasına səbəb olar.
Övladınızın xoşbəxt və sağlam böyüməsi üçün mümkün qədər vaxtınızı ona ayırmalı və keyfiyyətli keçməsinə çalışmalısınız, əgər çətinlik çəkdiyiniz hər hansı bir situasiya olarsa, mütləq bir mütəxəssisə müraciət etməlisiniz.