"Akademik Zərifə Əliyeva əsl Azərbaycan xanımının bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdir"

"Akademik Zərifə Əliyeva əsl Azərbaycan xanımının bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdir"
SİYASƏT
13:23 08.04.2023
266
Nəinki Azərbaycan qadınlarına, bütün dünya qadınlarına nümunə ola  biləcək nurlu sima, böyük oftomoloq-alim, sədaqətli silahdaş, gözəl ana Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur. Zərifə xanım o insanlardandır ki, onun ömrü kiçik zaman kəsiyinə sığmır, böyük ümmanlar kimi xalqın yaddaşında əbədi  iz buraxır, mənalı həyatı zaman-zaman insanlar üçün örnək olur, əməlləri, gözəl insani keyfiyyətləri ilə  insanların qəlbində işıqlı zərrələrə dönür.

Zərifə xanım Əliyeva uzaqgörən, müdrik siyasətçi, ictimai-siyasi xadim,  görkəmli dövlət  xadimi, elm fədaisi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Ulu tanrı onun taleyinə dövlət xadiminin qızı, ümummilli lider  səviyyəsinə yüksəlmiş dahi şəxsiyyətin həyat yoldaşı və müstəqil Azərbaycan dövlətinin  Prezidentinin, müzəffər Ali Baş Komandanın anası  olmağı yazmışdır.

O, özünün zərif, kövrək çiyinlərində böyük məsuliyyət və fədakar  məhəbbət yükünü daşıdı. 

Azərbaycan ziyalısının ən gözəl nümunəsini özündə təcəssüm etdirən tibb   elmləri doktoru, akademik, əməkdar elm xadimi Zərifə Əliyeva təbabətə  inamla, ədalətlə xidmət etmişdir. 

Həmkarları onun haqqında deyirlər ki, onun gənc yaşlarından əyninə  geydiyi ağ xalat ömrünün sonuna kimi tərtəmiz qaldı, zərrə qədər  ləkələnmədi.

Zərifə xanıma xas olan müdriklik, xeyirxahlıq, insanpərəstlik, ziyalılıq onu əfsanələşdirmişdir. Azərbaycan tibb elminə  böyük töhfələr vermiş Zərifə Əliyeva Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvinə nail  olmuşdur.

O, SSRİ dövründə ən mötəbər mükafat olan "Averbax” mükafatına layiq görülən ilk qadın idi.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur, lakin bu adlardan ən şərəflisi onun ana adıdır. Azərbaycan xalqının Ümummilli  Lideri Heydər Əliyev onun haqqında belə deyirdi: "Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Sədaqətli həyat yoldaşı, çox mehriban bir ana idi”.

Etiraf etmək lazımdır ki, Heydər Əliyev kimi böyük şəxsiyətin məhəbbətinə layiq olmaq təkcə böyük xoşbəxtlik yox, həm də böyük məsuliyyət idi. Ancaq seçilmiş insan belə məhəbbətə layiq ola bilərdi. O, Heydər Əliyevin  təkcə həyat yoldaşı deyil, həm də silahdaşı, arxadaşı idi.

Biz bu gün milli-mənəvi dəyərlərimizin qorunması haqqında çox danışırıq, tariximizi, adət-ənənələrimizi təhlil edirik, düşünürük. Ancaq bu gün bizim üçün layiqli örnək Heydər Əliyev və Zərifə Əliyeva ailəsidir. Bu ailə böyük məhəbbət bünövrəsi üstündə qurulmuşdur. Bu ailə müqəddəs idi. Zərifə xanım heç vaxt Heydər Əliyev şəxsiyyətinin arxasında daldalanmamışdır. Əksinə, xarakterinin gücü, səyi, əməyi, ağlı, iradəsi və xeyirxahlığı sayəsində özünə canlı abidə ucaltmışdı.

Zərifə xanım əsl azərbaycanlı qadınının bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdi.

Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibəti də xüsusi  idi. Belə münasibətin bənzərini tapmaq çətindir. Onun övladlarına məhəbbəti heyrət ediləcək dərəcədə olmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz müsahibələrinin birində anası haqqında belə deyir: "O mənim üçün ən əziz insan idi. Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişdi. Mən o vaxtlardakı kimi gülə bilmirəm. Mənim həyatımda xoşbəxt hadisə olanda düşünürəm: o da bunun üçün sevinərdi. O vəfat edəndə mənim böyük  qızımın bir yaşı vardı. Yəni mənim qızlarım öz nənələrini görməyib, bu onların tərbiyəsində böyük itkidir”.

Zərifə xanım az yaşadı. Lakin insan həyatının dəyəri heç də illər ilə ölçülmür. Onun işi ilə insanlara, cəmiyyətə verdiyi xeyirlə ölçülür. Zərifə xanım da bütün həyatını xalqına, vətəninə həsr etmişdir.

Zərifə xanımın yüksək vətənpərvərlik, humanizm, nəciblik rəmzi olan nurlu obrazı həmişə bizimlə qalacaq, qədirbilən xalqımızın qəlbində yaşayacaq və həmişə anılacaqdır.

Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim
OXŞAR XƏBƏRLƏR