Akif Aşırlı: “Bu gün Azərbaycan ədəbiyyatında 20 Yanvar faciəsi geniş şəkildə öz əksini tapmayıb”
MEDİA
23:17 18.01.2012
1983
“Bu gün Azərbaycan jurnalistləri 20 yanvar faciəsi, ölkə tarixinin ayrı-ayrı səhifələri iə bağlı çoxsaylı yazı və məqalələr yazır. Bu məqalələr tarixi faciənin öyrənilməsi üçün kifayət qədər əhəmiyyətlidir”. Bunu SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı dyeib. O bildirib ki, əgər 22 il öncə baş verən 20 yanvar qırğınlarını, Azərbaycan xalqına qarşı aparılan bu soyqırımı- milli azadlıq hərəkatının boğulmasına yönələn bu siyasətə nəzər yetirsək, görərik ki, faciənin miqyası ilə bağlı Azərbaycan jurnalistləri dünya səviyyəsində kifayət qədər məlumat yaydılar. Onun sözlərinə görə, Sovet hakimiyyəti dövründə birpartiyalı mətbuat var idi, lakin buna baxmayaraq, ölkənin jurnalist ordusu, o vaxt xalqın milli istiqlal arzularına qarşı, mərkəzin Dağlıq Qarabağ ətrafında oynadığı mənfur rola qarşı öz kəskin münasibətini bildirib.“Həmin dönəmdə faktlar Azərbaycan mətbuatı, jurnalistlərin ortaya qoyduğu yazılı materialların timsalında tədqiq edilib. Artıq qeyri-leqal mətbuat orqanları 20 yanvar hadisələri ilə bağlı çox dəqiq məlumatlar ötürdü. Bu gün fotofakt bizim əlimizdə var. Azərbaycan jurnalistləri tərəfindən mətbuatda həmin zamandan bəri 20 Yanvar faciəsi, onu törədən amillər, SSRİ, xüsusi olaraq Mixail Qarbaçovun ətrafındakı komandanın Azərbaycana qarşı yeritdiyi haqsız siyasətlə bağlı kifayət qədər materiallar yerləşdirilib. Çox təssüf ki, bu gün Azərbaycan ədəbiyyatında 20 yanvar faciəsi geniş şəkildə öz əksini tapmayıb. 20 Yanvarla bağlı sənədli filmlərin çəkilişi aparılmalı, bədii əsərlər, kitablar nəşr olunmalı və Azərbaycanın öz istiqlalının bərpası üçün şəhid verdiyi, qan töküldüyü dünyaya göstərilməlidir”, - deyə o əlavə edib.