Akrobatlarımız 6-cı oldu

İDMAN
17:45 23.04.2012
1341

Azərbaycanın Murad Məmmədov və Murad Kərimovdan ibarət akrobatları Leyk Buena Vistada (ABŞ) keçirilən yaş qruplarının ümumdünya yarışlarında 6-cı yeri tutub. Bu barədə AZXEBER.COM-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Oğlanlar balans (25.85 xal) və temp (26.2) tapşırıqlarından sonra təsnifatda yeddinci olublar və Florida ştatında beynəlxalq hakimlərə və tamaşaçılara özlərinin kombinasiyalarını nümayiş etdirmək hüqüqü qazanıblar.

Finalda hər iki idmançı 26.4 xal toplayıb ki, bu da onlara təsnifatdakından bir mövqe yuxarı qalxmağa, Polşa və İspaniyadan olan rəqiblərini qabaqlamağa imkan verib. Burada rusiyalı akrobatlar çempion olublar.

Gənclərin dünya çempionatı da adlandırılan bu yarışda ikinci iştirakçıları - Aynur Hüseynova və Nərmin Ramazanova ibarət cütlük çoxnövçülükdə 17 duet arasında 11-ci yeri tutublar.

Amerikada gənclərin çempionatı ilə yanaşı, yuxarı yaş qrupundan olan idmançıların mundialı da keçirilib. Orada Afaq Məhərrəmli - Pərizad Quliyeva cütlüyü iştirak edib. Qızlar çoxnövçülükdə 79.201 xal toplayaraq yeddinci yeri tutublar.

Akrobatika üzrə daha bir turnir Volqoqradda başa çatıb. Seymur Cəfərov - Murad Əkbərov cütlüyü Rusiyadakı yarışların qalibi olublar. Lalə Hüseynova - Xoşqədəm Quliyeva isə beşinci yeri tutublar.

OXŞAR XƏBƏRLƏR