Aktrisa: "Get müğənniliyinlə məşğul ol"

MAQAZİN
01:36 13.08.2015
2026
Musiqili Teatrın aparıcı aktrisası, əməkdar artist Nahidə Orucova seriala çəkilən qeyri-peşəkar müğənniləri qınayıb.
O, Milli.Az-a açıqlamasında müğənnilərin seriala çəkilməsinin səbəblərindən danışıb:
"Müğənni filmdə, yaxud serialda o vaxt çəkilə bilər ki, bu ekran işi müğənninin yaradıcılığına həsr olunsun. Məsələn, Arif Qazıyev Zeynəb Xanlarova, Müslüm Maqomayev kimi sənətkarların həyatından bəhs edən, özlərinin də baş rolda çıxış etdikləri filmlər çəkmişdi. Amma indiki müğənnilər bu fərqi tamam itiriblər. Müğənnisənsə niyə seriala çəkilirsən? Get müğənniliyinlə məşğul ol da. Onsuz da hansı kanala baxırsan, müğənniləri göstərirlər. Müğənni o halda çəkilə bilər ki, o, həqiqətən də aktyor sənətini bitirib. Məsələn, Almaz Ələsgərova, İzzət Bağırov, Mələkxanım Əyyubova, Bəsti Sevdiyeva və digərləri kimi. Amma indiki müğənnilər toylarda pul qazanıb, gətirib rejissora verirlər ki, onları çəksin. Kənardan adi insan da görür ki, nə var ki kinoda çəkilməyə? "Mən də pul verib, seriala çəkilim", - deyə fikirləşir. Kinoya kinoaktyorlar, teatr aktyorları çəkilməlidir. Əgər çəkilməyəcəklərsə, aktyorlar daha nəyə lazımdır? Biz universiteti elə-belə oxumamışıq ki, hansısa müğənni bizim yerimizi tutsun. Onlar elə bilirlər ki, oxuyurlarsa, oynaya da bilərlər. Bunlar nöqtə-vergülü belə bilmirlər. Bir də görürsən ki, peşəkar aktyoru çağırıb qəpik-quruş verirlər. O axı illərini bu sənətə boşuna həsr etməyib ki, gəlib 50 manata seriala çəkilsin. Teatrda çalışmağın özü elə bir stressdir. Onun üçün də serialların əksəriyyətində müğənnilər üstünlük təşkil edirlər. Aktyorluq sənətini bu qədər ucuzlaşdırmaq olmaz".
Aktrisa komediya rollarından bezdiyini də dilə gətirib.
"Mən bu gün Musiqili Teatrda işləyirəmsə, o demək deyil ki, ancaq komediya rolları oynamalıyam. Mən dram və kino aktyorluğu fakültəsini bitirmişəm. Artıq komediya rollarını oynamaqdan özüm də bezmişəm. Halbuki daxilimdə tragedik, dramatik obrazlar yatır. Mən hal-hazırda qatil, iş qadını, ölkəmizi xaricdə təmsil edən qadın rollarını oynamaq istərdim. Hər şey rejissordan və onun yozumundan asılıdır", - deyə aktrisa bildirib.
OXŞAR XƏBƏRLƏR