Aktrisa Tünzalə Əliyevanın adına fond yaradılmasından danışdı - VİDEO

Aktrisa Tünzalə Əliyevanın adına fond yaradılmasından danışdı - VİDEO
MAQAZİN
11:27 25.01.2023
827
Tanınmış aktrisa Ülviyyə Əliyeva mərhum həmkarı Tünzalə Əliyeva ilə bağlı açıqlama yayıb.

AZXEBER.COM xəbər verir ki, instaqram hesabında video paylaşan aktrisa Xalq artisti Afaq Bəşirqızının Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifi barədə danışıb:

"Əziz və dəyərli tamaşaçılarımız, izləyicilərimiz ilk növbədə belə çətin gündə yanımızda olduğunuz üçün hər birinizə təşəkkürümü bildirirəm. Bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm, mənim bu sözüm başqa tərəfə yozulmasın. Bilirsiniz ki, Afaq Bəşirqızı Tünzalə Əliyevanın qızı üçün fond yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Məlumat üçün bildirmək istəyirəm ki, bu fond xalqdan, insanlardan yardım istəmir. Bu, incəsənət xadimləri üçün nəzərdə tutulmuş bir fonddur. Afaq xanım bu təklifi incəsənət xadimləri və aktyorlara etdilər ki, onlar birgə olub Zəhranın gələcəyi üçün pul yığsınlar. Bu pulu Zəhra böyüyəndə təhsili üçün də, cehizi üçün də xərcləyə bilər. Tamaşaçılar və xalqımız Tünzalənin sağlığında ona yetərincə dəstək olublar. İstər ev almasında, istərsə də müalicə olunmasında xalq Tünzaləyə kömək edib. Mən buradan Milli Onkologiyanın bütün əməkdaşlarına təşəkkürümü bildirirəm, çünki onlar sonadək Tünzalənin yanında oldular. Yəni bu fondun xalq ilə heç bir əlaqəsi yoxdur”. 

Ülviyyə Əliyeva həmçinin Tünzalənin fəaliyyətindən söz açıb:

"O ki qaldı Tünzalənin sənətkar olub-olmamağına. Bildirmək istəyirəm ki, Tünzalə peşəkar aktrisa idi. O, İncəsənət Universitetinin Dram-Kino fakültəsini bitirmişdi. Uzun illər Gəncə Kukla Teatrında, eyni zamanda Gəncə Dram Teatrında çalışıb. Onun uzun illər ərzində yetərincə rolu olub. Ona ən böyük dəyərisə Prezident İlham Əliyev verib. Cənab Prezident ona Azərbaycan Respublikasının Əməkdar artisti adını vermişdi. Xahiş edirəm, kimsə onun yaradıcılığını izləməyibsə belə, onun dalıyca danışmasın. O, xalqın sevimlisi idi. Onun dünən 3 mərasimi idi, zalın yarısı onun tamaşaçıları idi. Allah hamınızdan razı olsun. Cənab Prezidentə, Mədəniyyət Nazirliyinə təşəkkürümü bildirirəm ki, onlar Tünzaləni hörmətlə yola saldılar”.

Həmin görüntüləri təqdim edirik:

Ayşən
OXŞAR XƏBƏRLƏR