Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqələrin nəticələri açıqlanıb. Ali təhsil müəssisələrinin müsabiqəsində 87 min 146 nəfər iştirak edib. Onlardan 58 min 947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28199 nəfər isə tələbə adını qazana bilməyib.
Təhsil eksperti Məzahir Məmmədli AZXEBER.COM-a açıqlamasında deyib ki, hər il ali təhsil müəssisələrinə qəbul əvvəlcədən müəyyənləşdirilən plan üzrə həyata keçirilir:

"Hər il ali təhsil müəssisələrinə qəbul əvvəlcədən müəyyənləşdirilən plan üzrə həyata keçirilir. Bilirsiniz ki, bu il 61 mindən çox plan yeri müəyyənləşdirilmişdi. Halbuki 87 mindən artıq abituriyent yer uğrunda mübarizə aparırdı”.
O qeyd edib ki, attestatla xaricdə təhsil almağa üz tutan abituriyentlər gələcəkdə müəyyən problemlərlə qarşılaşa bilərlər:
"İndi bir çox insanlar attestat ilə xaricdə təhsil almağa üz tutur. Bu məsələdə fəaliyyət göstərən bəzi xaricdə təhsil şirkətləri hər il ali təhsil müəssisələrinə qəbul prosesi başa çatdıqdan sonra kütləvi şəkildə abituriyentləri xaricdə təhsil almağa cəlb edirlər. Bu, növbəti mərhələlər üçün müəyyən problemlər yarada bilər. Çünki əgər abituriyent Azərbaycanda uyğun nəticə göstərə bilməyibsə, onun xarici dövlətdə təhsil alması müəyyən problemlərlə müşayiət oluna bilər.
Xaricdə təhsil üzrə dövlət proqramları mövcuddur. Bundan başqa, xaricdə təhsil almaq üçün müəyyən beynəlxalq imtahan və sertifikatlar var. Məsələn, SAT, MBA və IELTS kimi imtahanlarda yaxşı nəticə göstərən abituriyentlər xarici universitetlərdən dəvət ala bilirlər. Bunlar tamam başqa məsələlərdir. Amma attestatla xaricdə təhsil almağa üz tutan abituriyentlərin gələcəkdə müəyyən problemlərlə qarşılaşa biləcəyini düşünürəm. Ona görə də çalışıb Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olmaq daha məqsədəuyğun olardı”.
"Digər tərəfdən, kolleclər də növbəti mərhələ üçün alternativ imkanlardan biridir. Bundan sonra isə peşə təhsili mərkəzləri var. Bu müəssisələr vasitəsilə də əmək bazarına çıxış üçün daha geniş imkanlar əldə etmək mümkündür”,-deyə ekspert deyib.
Şahanə Ziyad











































