Ali məktəblərə saxta qəbul fırıldağının üstü açıldı
18:40 21.06.2012
2235
Baş Prokurorluq saxta sənədlər hazırlayan şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması ilə bağlı məlumat yayıb. AZXEBER.COM-un Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İmişli rayon sakini Mirzə Məhəmmədəli oğlu Mirzəyev və qeyrilərinin saxta sənədlərdən istifadə etməklə ayrı-ayrı şəxslərdən külli miqdarda pul almaları, eyni zamanda saxta diplomların aşkar edilməsi faktları üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.Müəyyən edilib ki, M.Mirzəyev 2000-ci ildən hazırkı vaxtadək Rusiya Federasiyasında fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrinin diplomlarını, tələbə biletlərini və qiymət kitabçalarını hazırlayaraq qanunsuz tələbə qəbulu və köçürmələrini təşkil edib və bunun müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul alıb. Belə ki, M.Mirzəyev iki nəfər Şəki rayon sakinini ali məktəbə qəbul etdirmək müqabilində Rəhim adlı şəxsdən 26 min manat, İmişli rayon sakini Bəhruz adlı şəxsdən isə ali təhsil müəssisəsini bitirməsi barədə diplom üçün 4 min manat pul alıb.Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.