"Kainatın Rəbbinə duam, Fərqanənin könlünə genişlik verməsi, qarşısına xeyirli insanları çıxarması və onu sevdiyi qullarının sevgisiylə rızqılandırmasıdır. Rəbbim ona dünya və axirət nemətlərinin ən gözəlini versin."
AZXEBER.COM xəbər verir ki, bu sözləri dünya şöhrətli sənətkar, xalq artisti Alim Qasımov sosial şəbəkə hesabında yazıb.
O, həm sənət yoldaşı, həm də qızı, Əməkdar artist Fərqanə Qasımovanın doğum gününü təbrik edib:
"Rəbbim biz insanlara ilk mükafatı övlad bəxş edərək verir. Bu mükafat dünyanın ən gözəl neməti, bir o qədər də məsuliyyəti özündə birləşdirir. Qız övladının atası olmaq isə dünyanın ən gözəl hissidir. Zamanla o qız böyüyür və hərəkətlərində, davranışlarında özünü sənə oxşatmağa çalışır. Artıq həyat bir ata üçün daha gözəl anlam daşımağa başlayır. Fərqanənin bizə bəxş olunması da ailəmiz üçün Rəbbimin ən gözəl hədiyyəsiydivr.
O, zamanla böyüyür və ailə dəyərlərimizi də özüylə bərabər qoruyurdu. Ata olmağın ülvi hissini yaşamağın gözəlliyi ilə yanaşı sənətdə də yol-yoldaşı olmağı Rəbbim mənə qismət etdi. Ailə dəyərlərimiz, Vətənə, dinimizə, sənətimizə olan inamımız ona məktəb olmağa başladı. Böyüdükcə də bu məktəbi bizi qürurlandıraraq davam etdirdi. Mərhəməti, xeyirxahlığı, insani keyfiyyətləri ilə daim bizi qürurlandırdı. Mənəvi dəyərlərə daim diqqət yetirdiyi kimi sənətə, sənətkara olan diqqəti onu bu uzun yolda xeyir dualı yollara çıxartdı.
Hər keçən yaş insan üçün yeni təcrübələr, fərqli həyatlar və anlarla dolur. Kainatın Rəbbinə duam isə Fərqanənin könlünə genişlik verməsi, qarşısına xeyirli insanları çıxarması və onu sevdiyi qullarının sevgisiylə rızqılandırmasıdır. Rəbbim ona dünya və axirət nemətlərinin ən gözəlini versin. Onun üzünü dünya və axirətdə güldürsün. Rəbbim, qarşıda onu gözləyən şər və müsibət varsa onu qaldır. İrəlidə qovuşacağı nemət varsa onu da artır. Ruzusuna, ömrünə, gününə, vaxtına bərəkət ver. Fərqanə və balalarını xəyal daxil edə bilmədiyi küllü gözəlliklərə qovuşdur, Amin. Doğum günün mübarək olsun qızım!"
Qeyd edək ki,bu gün Əməkdar artist Fərqanə Qasımovanın 46 yaşı tamam olur.
Aysel