Allahverdi Yolçuyevlə bağlı - Nazirlikdən açıqlama

Allahverdi Yolçuyevlə bağlı - Nazirlikdən açıqlama
MƏDƏNİYYƏT
16:09 25.07.2025
216
Tanınmış aktyor Allahverdi Yolçuyevin küçələrdə corab satması ilə bağlı yayılan məlumat cəmiyyətdə müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, dərmanlarını almaq üçün bu işə əl atmalı olan sənətçi maliyyə dəstəyinə ehtiyacı olduğunu vurğulayıb. Hazırda yaşa görə 336 manat təqaüd alan A.Yolçuyev deyib ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrından ona "yer yoxdur” cavabı verilib.

Aktyorun problemi ilə əlaqədar Qafqazinfo Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.
 
Qurumdan müraciətə cavab olaraq bildirilib ki, aktyor Allahverdi Yolçuyevlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir: "Aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir”.

Aktyorun dərmanlarla təminatı məsələsinə aydınlıq gətirmək üçün TƏBİB-ədə müraciət edilib. Bildirildi ki, məsələni araşdırmaq üçün quruma Allahverdi Yolçuyevin şəxsi məlumatları təqdim edilməlidir.

Qeyd edək ki, Allahverdi Yolçuyev müxtəlif illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Televiziya və radio sahəsində fəaliyyət göstərərək "Laylay”, "Göydən üç alma düşdü” və digər uşaq verilişlərinin aparıcısı və səsləndiricisi olub.
OXŞAR XƏBƏRLƏR