Almaniya kəşfiyyatı Buçadakı qətliamla bağlı səs yazılarını əldə etdi

Almaniya kəşfiyyatı Buçadakı qətliamla bağlı səs yazılarını əldə etdi
DÜNYA
15:55 08.04.2022
836
Almaniya kəşfiyyatı Buçadakı qətliamla bağlı səs yazılarını əldə edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, alman kəşfiyyat agentliyi Buçada əsgərlərin mülki insanları necə öldürdüyünə dair səs yazılarını əldə edib.

Ukraynanın Buça şəhərində mülki qətliam günlərdir ki, dünyanın bir nömrəli manşet xəbərinə çevrilib.
 
Ukrayna hakimiyyəti indiyədək 410 mülki şəxsin meyitinin tapıldığını, faktiki rəqəmin bundan qat-qat çox olduğunu söyləyib. Həmçinin Ukrayna prezidenti Volodimir Zelenski öldürülən insanların üzərində ağır işgəncə izlərinin olduğunu bildirib.

"Alman Der Spiegel” jurnalında çıxan xəbərdə rus əsgərlərinin danışıqlarının Buçada çəkilən fotoşəkillərlə üst-üstə düşdüyü qeyd edilib. Qan donduran dialoqlarda əsgərlər dinc insanları necə öldürdüklərini öz aralarında danışırlar. Səsyazmaların birində əsgərlərdən birinin "Əvvəlcə mülki şəxsləri sorğu-sual edin, sonra atəş edin” dediyi eşidilir. İkinci yazıda başqa bir əsgər velosipeddə mülki vətəndaşı necə vurduğunu təsvir edir.

BND mülki şəxslərin hədəfə alınmasını Rusiyanın hərbi strategiyasının bir hissəsi hesab edir. Alman kəşfiyyat mütəxəssisləri mülki şəxslərin öldürülməsinin mərkəzi sifarişlə həyata keçirilə biləcəyini açıqlayıb.

Ortaya çıxan sübutlar həm Almaniyada, həm də bütün dünya mediasında geniş işıqlandırılıb. Almaniya hökumətinin iki keçmiş naziri Putin də daxil olmaqla Rusiya rəsmilərinə qarşı hərbi cinayətlərin araşdırılmasına çağırıb.

Rusiya isə mülki şəxslərin kütləvi şəkildə öldürüldüyünü təkzib edərək, görüntülərin uydurma olduğunu, cəsədlərin sonradan küçələrə qoyulduğunu bildirib. Onu da qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Buça şəhərində ortaya çıxan görüntüləri təxribat kimi şərh edib:

"Qərb və Ukrayna uydurma görüntüləri sosial mediada bilərəkdən yayıb”.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR