Almaniyada məhkəmə qalmaqalı böyüyür

Almaniyada məhkəmə qalmaqalı böyüyür
18:05 02.04.2013
823

Aprelin 17-də Münhendə “Millətçi-sosialist məxfiliyi” hüceyrəsinin üzvləri tərəfindən cinayətlərin törədilməsində onlarla əlbir olmaqda ittiham edilən Beat Zşepenin işi üzrə məhkəmə prosesi başlayacaq.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, sözügedən ittiham “terrorizm” kateqoriyası üzrə araşdırılacaq.Qeyd edək ki, NSU qrupundan olan neonasistlərin 10 qurbanından 8-i türk əsillidir. Lakin həm də indi, daha doğrusu, məhkəmə prosesinə bir neçə həftə qalmış məlum olur ki, Almaniya ədalət məhkəməsinin nüfuzu əslində ciddi şəkildə “sarsılıb”.Məsələ orasındadır ki, jurnalistlər üçün ayrılmış məhkəmə zalındakı 50 yerdən Türkiyə KİV-lərinə heç bir dənəsi belə ayrılmayıb! Postsovet məkanındakı bir çox gənc dövlətlərə, o cümlədən Azərbaycana həmişə “demokratiya dərsi” verməyə hazır olan ölkədə bəs bunlar necə baş verə bilər? Axı alman neonasistlərinin qurbanlarının əksəriyyəti türk əsillidirlərsə, Türkiyə KİV-ləri üçün zalda yer necə ayrılmaya bilər?Almaniyada hətta öz ölkələrini tənqid etmək üçün heç də xüsusi canfəşanlıq göstərməyən KİV-lər də bu məsələdən şoka düşüblər. Xüsusilə də, “Alman dalğası” agentliyi xəbər verir ki, türk jurnalistlər məhkəmədə yer ayrılan KİV nümayəndələrinin siyahısında bir nəfər də olsun türk adının olmadığını görəndə gözlərinə inana bilməyiblər, halbuki Türkiyədə, eləcə də Almaniyada yaşayan türk əsilli əhalinin arasında sözügedən prosesə olan maraq məlum səbəblərdən çox böyükdür. Bir çox müşahidəçilər isə düşünürlər ki, Almaniya hakimiyyət orqanları bununla da sözügedən məsələnin əhəmiyyətlilik dərəcəsini tarazlamaq və baş verən faktın sərtliyini cilalamaq istəyirlər və vətəndaşların tam məlumat almaq hüquqlarının pozulmasından narahat olduqlarını bəyan edirlər. İstənilən halda, məhkəmə zalında KİV nümayəndələrinə yerlərin ayrılması məsələsi ətrafında qızışan qalmaqal artıq ölkənin postsovet ölkələri üçün “demokratiya müəllimi” imicini sarsıdıb.Türkiyə Azərbaycan üçün qardaş ölkədir və Azərbaycan xalqı üçün prosesin necə keçirilməsi az maraqlı deyil. AFR-dəki Azərbaycan diasporunun əksəriyyəti, eləcə də digər ölkələrdəki, o cümlədən, Azərbaycandakı həmvətənlərimiz türklərin bu cür amansızlıqla qətlə yetirilməsini öz həmyerlilərinin qətlə yetirilməsi kimi qəbul etdilər. Buna görə də, Azərbaycan ictimaiyyətinin də adıçəkilən məsələyə marağı təsadüfi deyil.

OXŞAR XƏBƏRLƏR