Ana Dili Günü: Dilimizin “TikTok” rəqəmsal platformasında düzgün təbliği

Ana Dili Günü: Dilimizin “TikTok” rəqəmsal platformasında düzgün təbliği
SOSİAL
11:08 30.07.2025
129

"Dilimizi sevmək onu düzgün danışmaqla başlayır” – bu fikir bəlkə də son illərdə heç vaxt indiki qədər aktual olmayıb. Rəqəmsal dünya dəyişdikcə, ünsiyyət formalarımız da dəyişir. Gənclər artıq kitab səhifələrində deyil, ekran arxasında böyüyür. Onlar dili dərslikdən yox, videolardan, qısa paylaşımlardan öyrənirlər. Və bu mühitdə ana dilimizi qorumağın, sevdirməyin, düzgün təqdim etməyin yeni yolları yaranır.

Avqustun 1-də qeyd etdiyimiz Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bu dəyərləri yenidən gündəmə gətirir. Maraqlısı budur ki, bu gün artıq yalnız rəsmi tədbirlərlə deyil, TikTok kimi gənclərin sevimli platformalarında da yaşadılır. Burada dilimizi sevdirən, düzgün yazılış və tələffüzü öyrədən müəllimlər, filoloqlar, jurnalistlər var ki, onların paylaşımları minlərlə insana təsir göstərir.

Qısa Videolarda Dərin Məzmun: TikTok-da Dil Qaydaları

TikTok – da artıq maarifləndirici, dəyərli və hətta akademik məzmunlara da geniş yer verilir. Xüsusilə ana dilimizə bağlı kontent yaradan müəllim və mütəxəssislər, rəqəmsal platformada bu istiqamətdə nümunəvi rol oynayır. Onlar dili dərs mühiti ilə məhdudlaşdırmadan, gündəlik həyatın içindən təqdim edir, izah edir, sevdirirlər.

Akademik yanaşmanı sadə formada çatdırır - @dilbildurdanarahimzade

Filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdana Rəhimzadə TikTok-da Azərbaycan dilinin qrammatik və fonetik qaydalarını sadə və anlaşılan şəkildə izah edir. Düzgün tələffüz, yazılış formaları və tez-tez rast gəlinən səhvlər onun kontentinin əsasını təşkil edir. Akademik biliyi sosial mediaya uyğunlaşdıraraq, gənc auditoriyaya çatdırmağı bacarır. Dürdanə Rəhimzadənin ən çox izlənən videosu, fellərin gələcək zamanda düzgün yazılış və tələffüz qaydalarını sadə və aydın şəkildə izah etdiyi məzmundur. Bu video həm izləyicilər arasında böyük maraq doğurub, həm də dil qaydalarının öyrənilməsini asanlaşdıraraq onun populyarlığını artırıb.

"Belə yox, elə!” deyən journalist - @ele_yox_bele

Filoloq, jurnalist və aparıcı olan Kəmalə Mustafayeva TikTok-da qısa, zarafatla izah edilən, lakin dərin məna daşıyan videolarla dil qaydalarını izləyicilərə təqdim edir. Nitq mədəniyyəti, düzgün vurğu və ifadə tərzi onun əsas mövzularındandır. Ən çox maraqla qarşılanan videolarından biri isə hava proqnozu üslubunda hazırladığı qısa, amma maarifləndirici çıxışıdır. Videoda o, "hava küləkli olacaq" cümləsini nümunə gətirərək, "küləkli" sözünün düzgün tələffüz formasını izah edir. Cəlbedici təqdimat tərzi və gündəlik danışıqdan götürülmüş nümunə sayəsində bu video izləyicilərin həm diqqətini çəkir, həm də onların dil qaydalarına marağını artırır.

Yazı qaydalarını sadə dillə izah edir - @azrbaycan.dili.mh

Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Həcər Musayeva, əsasən sözlərin düzgün yazılışını tədris edir. Onun kontenti həm abituriyentlər, həm də gündəlik dil istifadəsində tərəddüd edən hər kəs üçün faydalıdır. Sadə vizuallar və real nümunələrlə qrammatikanı asanlaşdırır. Ən çox maraq doğuran videolarından biri isə insanların əminliklə düzgün hesab etdiyi, lakin yalnız yazılışında fərq olan sözləri izah etdiyi paylaşımdır. Məsələn, həmin videoda Həcər Musayeva əksəriyyətin "zebra” kimi yazdığı sözün əslində doğru forma olaraq "zebr” yazıldığını izah edir. Bu cür sadə, amma önəmli nüanslara toxunması izləyicilər arasında həm təəccüb, həm də maarifləndirici təsir yaradır.

İmtahana hazırlaşanlar üçün əla mənbə - @azrbaycan.dili.v.d

Bu müəllim TikTok hesabında həm yazılı, həm də şifahi nitqdə buraxılan səhvləri təhlil edir, test suallarına uyğun izahlar verir və universitetə hazırlaşan abituriyentlər üçün effektiv tədris materialları təqdim edir. Onun kontenti sadəcə imtahan üçün yox, eyni zamanda gündəlik dil bacarıqları üçün də faydalıdır. Hər kəsin bilməli olduğu, gündəlik işlənən sözlərin düzgün yazılış formasını paylaşan TikTok yaradıcısı bu videosunda "sağ ol” sözünün əslində necə yazılmalı olduğunu izah edir. İzləyicilərin çoxunun birləşik şəkildə yazdığı bu ifadənin doğru forması "sağ ol” kimi ayrı yazılmalıdır – deyə videoda izah edilir. Bu tip videolar sadə görünsə də, dilimizin düzgün istifadəsi baxımından böyük maarifçilik rolu oynayır.

Bu yaradıcıların fəaliyyəti göstərir ki, ana dilini qorumaq üçün müasir texnologiyalardan çəkinmək yox, onlardan düzgün istifadə etmək lazımdır.TikTok-un gücü, bir neçə saniyəyə çox şeyi öyrətmək bacarığıdır. Bu platformada bir cümlənin düzgün quruluşu, bir sözün düzgün vurğusu minlərlə insana eyni anda çata bilir. Dili mühazirə ilə yox, gündəlik həyat nümunələri ilə öyrədən bu yaradıcılar əslində virtual dövrün "dil müəllimləri”dir.

Ana dilimiz canlıdır – onu yaşadanlarsa bizik

Avqustun 1-i – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bizə bir daha xatırladır ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, milli kimlik, tarix, düşüncə və mədəniyyət daşıyıcısıdır. Bu dəyəri yaşatmaq üçün gərək onu yalnız müdafiə etməyək, həm də sevərək istifadə edək – düzgün, səlis, aydın və hörmətlə.

Bugün TikTok -da bu missiyanı öz üzərinə götürən insanlar var. Onlara qulaq asmaq, izləmək və paylaşmaqla biz də bu prosesin bir parçasına çevrilirik. Çünki ana dilimizi qorumaq yalnız kitablarla deyil – bəzən 15 saniyəlik bir video ilə də başlaya bilər.


OXŞAR XƏBƏRLƏR