Ana dilimiz milli-mənəvi sərvətimizdir

Ana dilimiz milli-mənəvi sərvətimizdir
SİYASƏT
18:11 01.08.2022
697
Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvət, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdən biridir.
İnsanı dünyanın əşrəfinə çevirən bioloji-ictimai amillərdən biri şüur, onun məhsulu olan düşüncə və nitqdirsə, sonrakı dövrlərdə canlı danışığın yazıya çevrilməsi də bəşəriyyətin sivil inkişafında yeni mərhələ açan xüsusi bir hadisədir. Yazının meydana gəlməsi insanların izsiz-soraqsız fəaliyyətlərinin, əldə etdikləri təcrübənin, ictimai duyğu-düşüncələrin, baş vermiş önəmli hadisələrin yazıda əks olunaraq gələcəyə ötürülməsində inqilabi başlanğıc olmuşdur. Bu baxımdan xalqların yazı mədəniyyəti, yazılı tarixi onların dünyanın mədəni inkişafına töhfələrinin göstəricisidir.
Dədə Qorqud və Koroğlu dastanlarından gələn dilimiz həzin ana laylası ilə ruhumuza hopmuşdur. XVIII əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Düma yazırdı: "Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşmiş, görkəmli sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər.
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Ölkə başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004 cü il 12 yanvar tarixli Sərəncamı ana dilimizə dərin ehtiramın ifadəsidir. Dövlət başçısının sonrakı sərəncamları əsasında çap olunan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası” kitabxanaların latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçısıdə dilimizi dünyanın ən mötəbər siyasi kürsülərində milli varlığımıza, söykökümüzə tükənməz hörmət və məhəbbətlə səsləndirir, dövlət dilimizin beynəlxalq nüfuzunu yüksəklərə qaldırır. Azərbaycana səfər edən dünyanın nüfuzlu dötlətlərinin başçılarının, xarici ölkə səfirlərinin, digər siyasətçi və diplomatların dilindən şirin və ürəyəyatan Azərbaycan kəlmələrini eşitmək hər birimizin qəlbində sonsuz qürur və iftixar hissi doğurur. Bütün bunları hər yerdə, hər zaman böyük qürurla "mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən ulu öndər Heydər Əliyevin dilimiz və əlifbamızla bağlı ideyalarının təntənəsi kimi qəbul edir və yüksək qiymətləndiririk.

 Naftalan şəhər sakini  Afət Mustafayeva

OXŞAR XƏBƏRLƏR