Sədaqət ƏHMƏDOVABeş nəfər cavan, yetkin həyatını hələ yeni yaşamağa başlayan oğul itirdik. “Adət etdiyimiz”, ənənəvi “Cəbhə bölgəsində yenə atəşkəs pozulub... İtki yoxdur” sözləri bir-iki gün şəhidlərə aid xəbərlərlə əvəzləndi. Sonrakıgünlərdə də bir qədər müharibə xofu yaşadıq.
Həyat yenə öz axarına düşməkdədir, “Cəbhə xəttində vəziyyət hələ də gərgindir” xəbəri ilə yanaşı Aygünlə Röyanın “müharibəsindən”, Cenniferlə Rihannanın ölkəmizə şərəf gətirən səfərindən danışmağa başlamışıq.
Amma adət etmədiyimiz, məni iliklərimə qədər sarsıdan bir mənzərə heç vaxt yadımdan çıxmayacaq – bir ananın, çiynini öz şəhid balasının cənazəsi altına verib, torpağa təslim etmək üçün daşıması...
Qadınlar cənazə daşımazlar – analar daşıyarmış...
Analar yanar, ağlar,
Dərdini sanar, ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar, ağlar...
Analar oğul basdırmaq istəməzlər. Analar oğul evləndirmək, nəvə böyütmək, zamanı gələndə də oğul çiynində son mənzilə getmək istəyərlər.
Ərazisi işğal altında olan ölkənin vətəndaşı “Mən müharibə istəmirəm” deyə bilməz, amma atəşkəs dövründə “Mən oğul itirmək istəmirəm” demək ananın haqqıdır. Ana ailə deməkdir, ailə millət deməkdir, millət dövlət deməkdir. Ananın haqqını qorumaq lazımdır ki, millətin, dövlətin haqqı qorunsun.
Şəhid anaları! Övladlarınız şirin canlarını hamımız üçün qurban verdilər, bir ana kimi qarşınızda baş əyirəm.