Rafiq Tağıya...Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli... (Hüseyn Cavid) …Bu da son! Sən də getdin. Nə birincisən, nə axırıncı... Tez getdiyini sanmıram – nə fərqi var ki, bir gün tez, bir gün gec - olmasın 40, olsun 70, heç bir təfavütü yoxdu. Bu böyüklükdə vaxt axarında 100 il də bir andı, qaşla göz arasındakı an. Elə deyilmi? Səninlə bu mövzuda danışardıq, yəqin yadındadı... Sən də getdin, məndən daha tez - hamının gedəcəyini bir daha mənə göstərdin. Əslində buna inanırdım da. Bunu sübut etməyə nə ehtiyac vardı? Xeyli dost-tanış yığışıb, hamı səndən, bir də ölümdən danışır. Sanki ölüm səninlə bağrıbadaşmış, ən yaxın sirdaşınmış. Guya ölümdən danışmasalar, sənin xətrinə dəyəcəklərini düşünürlər. Necə ki, ötən həftə bir dostumuzun yasında səninlə bərabər oxşar fikirləri bölüşürdük, yəqin yadındadı, doktor… Dedin, “bu dünyanın ən böyük ədalət mizanı bəlkə də insanın ölümlü olmasıdır. Bir anlıq düşünək ki, ölüm olmasaydı və insanlar əbədi yaşadıqlarını bilsəydilər, nələr baş verərdi? Hələ orta yaş dövrü 70 il olan insan torpağa qarışacağı, etdiyi əməllərə görə Allah qarşısında hesabat verəcəyi günün mövcudluğunu bilə-bilə günahlardan çəkinmirsə, pislikdən əl götürmürsə, əbədi həyat yaşasaydı, nələr olardı?” Dedim, “mən fatalist deyiləm, qədərlə də işim yox, amma hamı kimi ölümə çarə, «təğyirə təqdir» olmadığını bilirəm. Amma təkcə bu dünyadan bir lənət, bir də rəhmət aparılacağını heç düşünmürəm; heç ola bilməz ki, bu yaşamın bir məsuliyyəti olmasın. Məsuliyyət, cavabdehlik yoxdursa, onda bu nə yaranış, bu nə yaşam, bu nə «70 il» məntiqidir görəsən…” Yunus Əmrə deyirdi ki, “Ölümdən niyə qorxursan? Qorxma, əbədi varsan”. Dünya bir məntiq üstündə qurulub, yəqin sənin yasına yığışanların heç biri buna şübhə etmirdi. Ancaq gəlişimizlə bu dünyanın yükü artmırsa, gedişimizlə yüngülləşmirsə, bizdən əvvəl və bizdən sonra heç nə dəyişmirsə, onda “biz kimik?” sualına cavab tapmalıyıq. Doğum və ölüm arasındakı yaşam reallığının hansısa bir izahı olmalıdır, axı, doktor. Səncə, bu məntiq nədir? Bizi bu dünyaya gətirənlər əziyyətimizi çəkirlər, özlərini oda-közə vururlar, böyüdürlər… Sonra da “valideynin ən böyük borcu” kimi dilə gətirilən bir hadisə baş verir: elə bir “toy” tuturlar ki, övlad ömrünün sonuna qədər bu toyda çalınan havaya oynamağa məcbur olur. Və hər şey təkrarlanır, estafet övlada ötürülür. Budurmu 70 ilin dəyəri? Bundan ötrümü gəlirik və gedirik? Dünyanın dəyəri, boy-buxunu elə bu boydadırmı? Əlbəttə ki, yox. Yaranış kimi, ölümün də məntiqi tamam başqadır. Adam öləndə ölüm xofundan qurtulurmu? Onu nə əvəz edir? Sən doktorsan axı, bilərsən, desənə? Bilirsən, içimdə gəzdirdiyim ölüm xofundan heç vaxt çıxa bilmirəm. Dost itirən yaşda olmasam da, itirdiklərimin sırasına sən də qoşuldun. Bir gün doğmalarımın, dostlarımın məni də itirəcəyini hər an fikirləşdim. Bax, yer-göy titrəmir, heç qiyamət də qopmur, hər şey öz axarındadır, qardaş! Məni də itirəndə dünya dağılmayacaq, bir gün, beş gündən sonra əzizlər üçün həyat “öz axarına düşəcək”. Çünki torpağın üzü soyuqdur, deyiblər… Deyəsən, “üç-beş gün” də çoxdur, axı. Hamıya zənglər gəlir, iş qayğılarına görə səninlə bağlı söhbətlərimiz tez-tez kəsilir. “Getməliyəm” sözü həndəsi silsilə ilə yasa gələnlərin arasına yayılır. Mən neyləyəsiyəm ki… Burda uzaqbaşı iki damla yaş qoyub gedəcəyəm… Amma burdan götürəcəyim də var. Ürəyimdə, şüurumda, çevrəmdə boşalan növbəti bir dostun, elə sənin yerinə də ölümü götürüb gedəcəyəm. Dostların yerini tutduqca, içimdəki ölümün böyüdüyünü duyuram. Əvvəllər dostlar məni qoruyurdu, indi deyəsən, bu zəhməti ölüm çəkir. Ölüm böyüdükcə, əli çörəyə çatdıqca məni pis əməldən, günahdan, kobudluqdan, haramdan, naqislikdən hifz edir. Doğru deyirdin, yaxşı ki, ÖLÜM var. Son günlər ancaq bunu düşünürəm: Allah bizləri ölümdən yox, ölümü öldürənlərdən qorusun! El qədrini canından daha əziz bilənlər Şirin bir xatirətək qalacaqdır dünyada Sevərək yaşayanlar, sevilərək ölənlər... (Səməd Vurğun)ANAR YUSİFOĞLU