Anar Yusifoğlu: Yol (KÖŞƏ)

Anar Yusifoğlu: Yol (KÖŞƏ)
KÖŞƏ
23:46 12.09.2011
2028
Yol – bizim təsəvvürlərimizdə təkcə iki məkan arasındakı məsafəni bildirən ifadə deyil, həm də düşüncədir, seçimdir, təfəkkürdür, təsəvvüfdür. Ona görə də hətta «Əli yolu» deyib and içdiyimiz yol bizim dəyərlər sistemimizə, əxlaq normalarımızın əsas atributu kimi mədəniyyət tərzimizə daxildir.Dünyanın get-gedə daha çox maddiləşdiyi və mənəvi aləmdən ayrıldığı indiki məqamda yol da istiqamətini dəyişib - artıq bu dünyanın heç də bütün yolları Allaha aparmır. Yol – intihar aktına çevrilib - hamı sanki özünü o yola salmaq üçün çalışır və getdiyimiz yolu maşının təkərlərinə kələf kimi yox, boğazımıza kəndir kimi dolayırıq. İntiharın MÜQƏDDƏS KİTABımızda qadağan edildiyini düşünəndə isə bu yolun heç də cənnətə aparmadığı, əksinə «sola çəkdiyi» şübhəsizdir.İllərdir yola çıxanlar sanki sola getdiyinin fərqində deyil - hər səhər yuxudan intihara qalxdıqlarını bilmək, bu barədə düşünmək belə istəmirlər.Adi yaşam reallıqlarına bircə anlıq da olsa bir qədər başqa gözlə baxmağa çalışaq: Piyada yolu kiminçün tikilir?Az qala hər gün təbliğ olunur, müəyyən sosial zümrəyə konkret yol göstərilir – bu yolla gedin deyə. Getməliyik, amma gedirikmi?Təkcə son həftədə müəyyən olunmuş yolla getmədiyinə görə yol qəzasına düşüb ölənlərin, yaralananların sayı adamı vahiməyə gətirir. İnsan övladı öz yolu ilə getməməyin acısını bəzən heç yaşaya da bilmirsə, bu, ətrafa nəticə çıxarmaq üçün kifayət etməlidir. Təəssüf ki etmir.Bütün insanlıq münasibətləri elə bil bir-birini bu dünyadan sıxışdırmaq üstündə qurulub. İnsanı getdiyi yoldan sapındırmaq da, yolunu əngəlləmək də, yolundan azdırmaq da insanların işidi.Bir avtomobil sürücüsü və ya sərnişininin su içəndən sonra butulkasını pəncərədən getdiyi yola tullamasını yəqin siz də müşahidə edibsiniz. Bu, təkcə getdiyi yola sayğısızlıq, hörmətsizlik və yolsuzluq deyil, həm də arxadan gələnləri şüurlu və ya qeyri-şüuru olaraq yoldan çıxarmaq, təhlükəyə salmaqdır. Nə fərqi var: ya bir insanın ayağından çəkib uçuruma sal, yolunu vur, əlaqələrini kəs, bir xoruza yük etmək üçün əlləş, pis yola öyrət, cinayətə təşviq elə, ya da getdiyi yola su şüşəsi tulla. Nə fərqi var: ya bir insanı fiziki olaraq məhv elə, qatil ol, onu həyatdan bezdir, dünyanı başına daralt, ya da gecə səhərə qədər Bakı küçələrində «qonka»ya çıx, siqnallar və ya siqnalabənzər qurğulardan çıxarılan səslərlə səhərəcən yaşamağına və deməli, psixi pozğunluğuna səbəb ol.Vallah, heç bir fərqi yoxdur.İllər öncə dostum bir gerçəyi danışdı: ilk övladı dünyaya gəlmişdi və dostum xəstəxana yolunu yağır eləmişdi. Həkimlər uşaqda heç bir xəstəlik tapmırdılar, ancaq uşaq da bütün sutkanı yatmırdı. Nəhayət, bir həkim yalnız sakitliyin məlhəm olduğunu demişdi.Dostum danışırdı ki, gecə səhərə qədər küçədə qalır, yolu bağlamağın yollarını axtarır, siqnal verən maşınları daşa basmaq istəyir ki, bəlkə, yuxusu ərşə çəkilən və küçələri dolaşıb müxtəlif səslər çıxaran sürücülər onun yaşadığı məhəllənin «təhlükəli» olduğunu görüb əl çəksinlər, təki balası rahat yatsın.Nail ola bilmədi və bir aydan sonra dostum evini satıb yolsuz bir ucqara köçdü.Bir insanın yolu bağlamağı çıxış yolu saymasından qəribə heç nə ola bilməz. Doğrudanmı, indiki dünya axarı yolsuzluğun rahatlıq olduğu fikrini aşılayacaq səviyyədə aşınıb? Min illərlə insan yaşamaq, ədalətli olmaq, Haqqa qovuşmaq üçün yollar axtarırdı, indi yaşamaq üçün yolsuzluğa üz tutub.
OXŞAR XƏBƏRLƏR