Anasız uşaq, balasız ana və Mehriban Əliyevanın “günahı”…

Anasız uşaq, balasız ana və Mehriban Əliyevanın “günahı”…
KÖŞƏ
02:03 26.11.2014
8123

Nicat Dağlar

Yaxşılıq elə bir əməldir ki, onu kor da görə bilir, kar da eşidir... Mark Tvenin yaxşılıq barədə bu fikirinin ətəyindən tutub çox uzaqlara gedə bilərik. Məsələn, deyə bilərik ki, yaxşılığı görməyən adamların gözündə problem axtarmağa ehtiyac yoxdur - Belələrinin xisləti əlildir! Çox da sərt olmasın deyə vicdan məsələsini kənarda saxlayaq...

Bir qızcığaz anasını itirib – ağır dərddir. Hələ yenicə məktəbə qədəm basan bir uşaq üçün ölçüyəgəlməz itkidir. Böyüdükcə anasızılığın acısını bəlkə də hər addımında hiss edəcək... Rəfiqələri analarından danışacaqlar – kövrələcək. Məktəbə gələn analar arasında anasını görməyəcək – için-için ağlayacaq. Evdə axtaracaq, küçədə axtaracaq, böyüyəcək, universitetdə axtaracaq... Anasızlıq addım-addım izləyəcək onu. Gəlin köçəndə də ana axtaracaq, özü ana olanda da... Başqalarının nəvazişi ananın quruca hənirtisini belə əvəz edə bilməz!

Kiçik yaşlarında anasını itirən uşaqlar çoxdur. Biz Azərbaycanın əməkdar artisti, mərhum Xanm Qafarovanın qızından danışırıq. Qardaşı-bacısı yoxdur, bir neçə aydır ki, anasızdır və az uşaqlardandır ki, onu bütün ölkə tanıyır... Anası ağır xəstəliyə düçar olandan ölkə telekanalları bu məktəbli qızı çox göstəriblər. İki gün əvvəl isə onu internet üzərindən yayımlanan Meydan.TV-də göstərdilər. Əvvəlcə nənəsi danışdı və sanki bu vaxta qədər taleyin ümidinə atılmış adam kimi gileyləndi... Onu dinlədikcə Xanım Qafarovanın uzun müddət Türkiyədə müalicə aldığını və bunun üçün tələb olunan vəsaitin Heydər Əliyev Fondu tərəfindən qarşılandığını xatırladıq. Yani doğrudanmı insanlar bu qədər unutqan olurlar? Axı Azərbaycanda az qala hamı bilir ki, aktrisanın müalicəsini Mehriban xanım Əliyeva bütünlüklə öz üzərinə götürüb və onun həyatda qalması üçün mümkün vasitələrin hamısından istifadə olunub. Amma təəssüf, həkimlər istedadlı aktirasımızın həyatını xilas edə bilmədilər. Görünür Allahın əmri beləymiş... Onu da az adam bilməyə bilər ki, dəfn və yas mərasimi məhz Heydər Əliyev Fondu tərəfindən təşkil olundu və biz bildiyimizə görə ən xırda detallar belə nəzərdən qaçırılmadı. Bütün bunların üstündən xətt çəkmək olarmı? Siyasi maraqlar güdən adamların mikrafonuna “söz vermişdi, amma eləmədi” demək və yaxud bunu balaca uşağa dedirtmək insanın hansı parametrindən irəli gəlir? Hara bağlayaq bunu, unutqanlığamı, insafsızlığamı, nanəcibliyəmi, yoxsa allahsızlığamı?..

Diqqətlə dinlədim, Xanım Qafarovanın qızının hansısa başqa məktəbdə oxumaq istədiyinə işarə olunur. Nənəsi deyir ki, qızı məktəbə aparıb gətirməkdə çətinlik çəkir. Aydındır, anasız uşağın problemləri çox olur, tək nənənin onun qayğılarını qarşılaması mümkün deyil. Elə nənənin müsahibədə dediyi kimi bundan sonra onun nəvəsini neçənci sinifə qədər aparıb çıxara biləcəyi məlum deyil. Doğrudan da belədir və kimin hara qədər gedib çıxacağını bilmək olmur. Məgər bu nigarançılıq təkcə nənələrdədirmi? Allahın işidir, bir də görürsən cavan adam da gecə yatıb səhər durmur. Sosial statusundan asılı olmayaraq hər bir valideyn övladlarının gələcəyindən nigarandır. Biz olmayanda onların hansı aqibətlə üzləşəcəyi qeyri-müəyyən məsələdir. İndi durub buna görə Heydər Əliyev Fondunumu qınayaq?.. Bəli, çətindir, bundan sonra da çətin olacaq. Bir tərəfdən cavan qızını itirməsi, bir tərəfdən də anasız qalan azyaşlı uşağın qayğıları nənəni əldən salacaq. Bunu hamımız başa düşür və üzülürük. Lakin bu ağır dərd belə onun əmələ gəlməməsi üçün əziyyət çəkmiş insanların əməyini ayaq altına atmağa əsas yarada bilməz. Məgər atalı-analı uşaqlar dövlət məktəbinə getmirmi? Məgər biz işdə ləngiyəndə və yaxud başqa bir səbədən məktəbə getmək imkanmız olmayanda, qonum-qonşudan, dost-tanışdan xahiş etmirikmi ki, uşaqalarımızı məktəbdən götürsünlər? Gündəlik qayğılarımız sırasında olan məsələlərə görə Mehriban Əliyevanımı günahlandırmalıyıq? O qıza heç kəs söz verməyib ki, səni “Baku Oxford School”da oxutduracağıq... Əgər Xanım Qafarova sağ olsaydı onun balası şəhərdəki dövlət məktəblərindən birində təhsil almayacaqdımı? Gəlin razılaşaq, o uşağı Heydər Əliyev Fondu yox, lap elə UNİCEF öz himayəsinə götürüb bütün tələbatlarını qarşılasa belə, yenə də anasızlığın acısını unutdura bilməyəcək. Bir də deyirik və milyon dəfə təkrarlamağa hazırıq ki, ana qayğısını əvəz etmək olmur! O qıza çətin olacaq!

Meydan.TV-nin reportajı obyektiblikdən uzaq idi. Jurnalist əgər konkret bir şəxsə qarşı qərəzlidirsə və onun ünvanına yalnız xoşagəlməz açıqlamalar almaq həvəsindədirsə, buna hansı yolla olursa olsun nail olacaq. Həmin reportaj da elə bunu göstərdi. İnsanların düşdüyü vəziyyətdən istifadə edib onları oyuncağa çevirmək, xırda məqamları belə siyasi müstəviyə gətirmək heç bir halda ədalət göstəricisi sayıla bilməz. Siyasi marağı olan və yaxud siyasi marağı olan dairələrə xidmət edən adamlara həmin qızçığazn taleyi maraqlı deyil. Maraqlı olan onun dilindən aldıqları sözdür. Belə olmasaydı reportajda qısaca olaraq qeyd etməli və xatırlatmalıydılar:

  1. Xanım Qafarovanın müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb;
  2. Aktrisa Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə kursundan keçib;
  3. Onun dəfn və yas mərasiminin bütün xərcləri Mehriban Əliyeva tərəfindən qarşılanıb.

Qərəzli olmasaydılar nənədən soruşardılar ki, bu aşağın atası hanı? Niyə gəlib balasına sahib çıxmır? Nədən nənənin çəkdiyi əziyyətin bir hissəsini öz üzərinə götürmür? Axı yas mərasimində qızın atasını hamı gördü. Normal vəziyyətdə idi, sağlıq durumunda problemi olan birinə bənzəmirdi. Elə isə niyə anasız qalan uşağına yaxın gəlmir? Qınanılmalı olan tək adam o deyilmi? Bu adamın çiynində atalıq məsuliyyəti var, reportajda bunu ona xatırlatmaq lazım idi. İndi nə edək, uşağına əl uzatmayan atanın məsuliyyətini də Mehriban Əliyevanın üzərinə ataq?.. O uşağın indi elə vaxtıdır ki, bir gəlincik verib dilindən nə istəsən almaq olar... Anasız qalmış bu günahsız varlığı da öz siyasi maraqlarının qurbanına çevirənlər “dəyərlər” deyərkən görəsən nəyi nəzərdə tuturlar? Biz biləni dəyər elə o anasız qalmış uşaqdır ki, ona da qıydılar...

OXŞAR XƏBƏRLƏR