Ancelina Coli qaçqınlarla görüşdü

MARAQLI
15:16 13.09.2012
1492
BMT-nin qaçqınlar üzrə ali komissarlığının xüsusi səfiri, Hollivud ulduzu Ancelina Coli Türkiyədə məskunlaşan suriyalı qaçqınlara baş çəkib. Türkiyə səfərində Ancelina Colini BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutyerez müşayiət edib. BMT nümayəndələri Suriya ilə sərhəddə yerləşən Kilis vilayətindəki Öncüpınar çadır şəhərciyində olublar. Bu, Türkiyə hökumətinin 85 min suriyalı qaçqını yerləşdirdiyi ən böyük çadır düşərgələrindən biridir. Sərhədin o tayında isə 3000 suriyalı Türkiyə tərəfə keçmək üçün bu ölkə rəhbərliyinin icazəsini gözləyir. Belə ki, Türkiyə 2 həftə bundan əvvəl Suriya ilə sərhədi bağlayıb və bunu qaçqınları yerləşdirmək üçün yeni düşərgələr salması ilə izah edib. BMT-nin qaçqınlar üzrə ali komissarlığının məlumatına görə, 253 mindən çox adam suriyalı qaçqın kimi qeydiyyata alınıb yaxud qeydiyyata alınma prosesindədir. Onların 85 mindən çoxu İordaniyada, 78 mindən çoxu Türkiyədə, 67 minə yaxını Livanda, 23 minə yaxını İraqda məskunlaşıb. Xatırladaq ki, Ancelina Coli Türkiyədən əvvəl İordaniya və Livanda məskunlaşan suriyalı qaçqınlara baş çəkmişdi. BMT-nin qaçqınlar üzrə ali komissarlığı Hollivud ulduzu Ancelina Colini bu ilin aprelində xoşməramlı səfir vəzifəsindən xüsusi səfir vəzifəsinə keçirib.
OXŞAR XƏBƏRLƏR