Ankara icra hakimiyyəti Qızılcıhamam rayon bələdiyyəsinin Türkiyə paytaxtında “Xocalı soyqırımı muzeyi”nin açılması təklifini qəbul etməyib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər icra hakimiyyəti “obyektlərin adlandırılması zamanı “soyqırımı” sözündən istifadənin diplomatik çətinliklər yarada biləcəyini hesab edib.Bununla əlaqədar olaraq paytaxt rəhbərliyi bələdiyyəyə muzey üçün başqa bir ad seçməyi təklif edib.Qeyd edək ki, Qızılcıhamam bələdiyyəsi ərazisində Azərbaycan hökumətinin dəstəyi ilə Xocalı parkının tikintisi davam edir. Parkın fevralın 26-da – Xocalı soyqırımının 22-ci il dönümündə açılması planlaşdırılır.Qızılcıhamam rayon bələdiyyəsinin rəhbəri Coşkun Unal jurnalistlərə bildirib ki, muzeyin adını dəyişmək lazım gələcək.“Ankara rəhbərliyi bəyan edib ki, soyqırımı sözünün istifadəsi hüquqi baxımdan yolverilməzdir. Bu diplomatik çətinliklərə gətirib çıxara bilər. Ola bilsin ki, muzey “Faciə muzeyi” və yaxud da başqa cür adlandırılsın. Hazırda yeni ad üzərində fikirləşirik”, - deyə C.Unal bildirib.