"ANS fəaliyyətə başladığı gündən həmişə tamaşaçıların diqqətini cəlb edib"
MARAQLI
16:30 07.05.2011
1847
Cəmiyyətdə tanınmış ziyalılar da öz növbəsində telekanalımızı təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, Azərbaycanın ilk özəl telekanalı olan ANS kanalının Avropanın nüfuzlu televiziya təşkilatları tərəfindən belə mükafata layiq görülməsi onu çox sevindirib: “Hesab edirəm ki, ANS kanalı bu mükafatları öz fəaliyyəti ilə qazanıb. Gələcəkdə də Azərbaycan ictimaiyyətinin doğru, düzgün- dəqiq məlumatlandırılmasında, keyfiyyətli verilişlər verilməsində, Azərbaycan xalqının tarixi, ədəbiyyatı, coğrafiyası, milli-mənəvi adət-ənənələri ilə bağlı verilişləri ilə bizi sevindirəcək. ANS kollektivini təbrik edirəm”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bu mükafat tamaşaçı simpatiyasına görə verilən bir mükafatdır. Onun sözlərinə görə, doğrudan da ANS fəaliyyətə başladığı gündən həmişə tamaşaçıların diqqətini cəlb edib: “ANS öz tamaşaçısına fərq qoymur. Ta kiçik, 2-3 yaşlarından başlayaraq, ən yuxarı yaşlara qədər tamaşaçılar üçün verilişlər hazırlayır. Mən bir daha ANS-çiləri təbrik edirəm, onların yaradıcılığında uğurlar arzulayıram”.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin sözlərinə görə, ANS kanalı Azərbaycanda doğrudan da çox populyar bir kanaldır: “Hətta dəfələrlə müxtəlif verilişlərdə, müxtəlif söhbətlərdə ANS deyirlər və bilirlər ki, ora müraciət edəndə həmişə bir nəticə olur. ANS kanalı çox aktual məsələlərə diqqət yetirən bir kanaldır. Məni çox sevindirir ki, bu kanal belə yüksək bir mükafatı alıb”.
Jurnalistika və kommunikasiya üzrə professor Culian İsaski də ANS-i təbrik edib. O arzu edib ki, telekanal Azərbaycan xalqına həmişə dəqiq və qərəzsiz məlumat çatdırsın: “Bura gəlməzdən qabaq da ANS-i internet vasitəsilə izləyirdim. Yəni ANS haqqında kifayət qədər məlumatım var. Düzdür, Azərbaycan dilində danışa bilməsəm də, vizual baxımdan izləyirdim”.