ANS-lə başlayıb, "İdman Azərbaycan"a qədər gedən yol...

ANS-lə başlayıb, "İdman Azərbaycan"a qədər gedən yol...
KÖŞƏ
15:04 02.07.2014
7057

Zöhrab SüleymanUşaqlığımızın ANS futbolu və ya İdman-ın Azərbaycan-a gedən yolu...

Yadımdadır... 2001-ci il idi. ANS TV-də UEFA Çempionlar Liqasının yayımı başlamışdı. O zamanlar hər şey təzə idi deyə bizə qəribə gəlirdi. Mənim 10 yaşım vardı. ANS-də Rahib Azəri, Ziya Məcidli, Asif Bağırov və İlqar Mikayıloğlu bəzən “İç Xəbər” daha sonra “Xəbərdar” sonda isə “Zorxana” verilişindən sonra Çempionlar liqasının yayımına başlayırdılar. Hər 2 və 3-cü günlər dərsdən tez gəlib dərslərimi oxuyub anamın “get yıxıl yat səhər 8-də məktəbdə olmalısan” sözlərini yeyərək gizlin də olsa Çempionlar liqasına baxırdım. Hətta reklamları da yadımda qalıb. O zamanlar Çempionlar liqasının sponsoru “master card və play station” idi. Uşaqlığımızın oyunları idi hamısı. O ki Çempionlar liqasının himni oxunurdusa tüklərim biz-biz olurdu (elə indi də). Mən mətbəxdə yatırdım deyə futbola baxmağın cəzasını qabları yumaqla ödəyirdim J O zamandan azarkeşlik xəstəliyinə yoluxdum. O zaman nə facebook vardı, nə də şərhçiliyə şərh qoşmaq. Daha sonra ANS məktəbinin yeni tələbələri Gündüz Abbaszadə və İsmayıl Abdullayev oldu. Teleməkanda ilk dəfə tək ANS Avropanın ən nüfuzlu klub turnirini yayımladığı üçün digər kanalların əməkdaşları da ANS-ə baxırdı. Daha sonra isə hər şey dəyişdi. Uzun müddət sonra liqanı digər kanal aldığı üçün hər bir qatı azarkeş məyus oldu. Çünki qulağımız Doctor Ziyanın özünəməxsus səsi və gülüşü, İlqar Mikayıloğlunun “Hər vaxtuvuz xeyir” sözünə, Asif Bağırovun “bəndəniz” sözünə öyrəşmişdi. Sanki bir şirinlik və doğmalıq duyurduq o səslərdə. Ondan necə ayrıla bilərdik ki? İndiyədək yadımdadır: “Barselona” Çempionlar liqasının son dəfə qazandığı il futbol da ANS-dən getdi. İnanın ki, depressiyada idim. Çempionlar liqası kimi turniri başqa heç bir kanala, başqa heç bir şərhçilərə yaraşdırmırdım. Amma bununla barışmalı idik. Çünki “hər şeyin bir sonu var” sözünü o zamanlar çətinliklə anlayırdıq. Amma bu son gəldi... 9 il...

Futbol ANS-dən gedəndən sonra əksər azarkeşlər də sırf futbola yerli kanalda baxmaqdan imtina etdi.Mən ümumiyyətlə baxmadım daha. Çünki digər kanallar şərhçiliyi bacarmadı. Onlarda bu alınmadı. ANS-dəki auditoriyanı öz ətraflarında birləşdirə bilmədilər.

O zamandan artıq ictimaiyyət arasında şərhçiliyə şərh gətirənlər peyda oldu. Artıq bəyənmədiklərini dilə gətirməyə başlayan gənclik yarandı. Məhz həmin vaxt teleməkanda sırf İdmana həsr edilən bir kanal fəaliyyətə başladı. Adı “İdman Azərbaycan” oldu.Həvəslə gözləyirdim. Düşünürdüm ki, ANS-də gördüyüm şərhçiləri yenidən bu kanalda görəcəm. Amma olmadı. ANS şərhçiləri artıq ümumiyyətlə şərhçilik kariyeralarına son qoymuşdular – bunu bilmirdim.

Kanal yeni yaranarkən sanki yarası açılmış xəstələr kimi baxırdıq. Fərqlilik olacağını düşünürdük. Tanıdığımız simalardan yalnız Siyavuş Əliyev orada idi. O da bir neçə il öncə İctimai kanalda İspaniya La liqasının oyunlarını və Azərbaycan da ilk dəfə olaraq Formula 1 üzrə dünya çempionatını şərh edirdi. Sırf Siyavuşa görə baxa bilirdik İdman Azərbaycana. Ən çox da El Clasico-suna. Çünki El Clasico-nu ondan güclü aparan yoxdur teleməkanda.

Və artıq zamanla İdman Azərbaycan kanalında yeni simalar – gənclər göründü. Bəziləri tələbə idilər hətta. Özümüz də tələbə olduğumuzdan bizə maraqlı gəlirdi, tələbə necə futbol şərh edə bilər. İsmayıl Abdullayev ANS məktəbi gördüyündən artıq peşəkar idi bu sahədə. Digər simalar isə Fərid Ramazanov, Tərlan Şahinoğlu, Tural Məmmədli, Nurlan Hacıyev, Ramiz Mirzəzadə, Fuad Quluzadə idi. Həm də facebook sosial şəbəkəsində bu simalarla daha yaxın olduğumuzdan onların necə sadə olduqları və işə şərhçiliyə necə can yandırdıqları açıq aşkar görünürdü.

Sonda isə onu bildirmək istəyirəm ki, şərhçilik haqda hər yerindən duran danışmasa əla olar.Hər halda şərhçiləri biz daha yaxşı tanıyırıq. Biz görə görə gəlirik. Azərbaycan şərhçilərini bəyənməyib, lağa qoyub,türkləri, rusları üstün tutan varlıqlar...Gördüm rusları da, türkləri də. Hər zaman xüsusi hazırlaşdığımız oyun El Clasico-dur. Ruslardan da El Clasico-ya baxırıq və görürük. Onlarda da sırf azarkeşlik var hər hansı bir kluba. Bu isə rəqib azarkeşlərdə qıcıq əmələ gətirir. Budur şərhçilik? Artıq əminliklə deyə bilərəm ki, Azərbaycan şərhçiləri inkişaflarının pik nöqtəsindədir. Bunu danmaq olmaz. Adicə mundial oyunlarını izləsək yetər. Bəsdir bizimkiləri pisləyib onu bunu üstün tutmağınız! Arada beyinlərinizi də işə salıb gözlərinizlə yaxşı-yaxşı baxın bizim şərhçilərə.Görün pislədiyiniz bəyənmədiyiniz şərhçilərimiz oyunlara necə həvəslə yanaşırlar! Ayıbdır vallah nahaqdan bəyənməməyiniz!

Əsas odur ki, köhnə azarkeşlər - yəni bizlər bəyənirik. Məncə bu yetər.Onsuzda hazırda kim nəyi bəyənmirsə elə ən çox ona baxır. Qısaca paxıllıq hissi bizi məhv edir. Paxıllığa başqa aspektdən yanaşıb dərin düşünək...

OXŞAR XƏBƏRLƏR