Sentyabrın 12-si gecə saatlarında Ermənistan ölkəmizə qarşı yeni təxribata əl atdı. Hər dəfə layiqli cavablarını almalarına baxmayaraq məğlubiyyətdən nəticə çıxarmayan Ermənistan bu dəfə də törətdiyi təxribatların cavabını aldı. Azərbaycan Ordusunun "Qətiyyətli cavab” əməliyyatı nəticəsində düşmən tərəfi xeyli canlı qüvvə və texnika itkisi verdi.
Hər dəfə təxribat törədərək ağır məğlubiyyətlə qarşılaşan Ermənistan nəyə nail olmaq istəyir?
Millət vəkili Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında ermənilərin son təxribatlarına münasibət bildirib.
Deputat qeyd edib ki, Ermənistan 44 günlük müharibədəki məğlubiyyətindən nəticə çıxarmayıb:
"Təcavüzkar niyyətlərindən əl çəkməyən Ermənistan Azərbaycana qarşı ardıcıl və sistemli xarakter daşıyan təxribatlarını davam etdirir. Genişmiqyaslı son təxribatlar bir daha təsdiq edir ki, Ermənistan Azərbaycanın 44 günlük Zəfərindən, onu zəlil və miskin vəziyyətə salan məğlubiyyətindən nəticə çıxarmayıb. Ermənistan 10 noyabrda kapitulyasiyaya imza atandan bu günədək Azərbaycanın qazandığı möhtəşəm qələbəni həzm edə bilmir. Ermənistan cəmiyyəti də bu cür psixoloji gərginliyin fəsadlarını yaşayır. Son təxribat zamanı Silahlı qüvvələrimiz bir daha yüksək döyüş qabiliyyətini və qətiyyətini nümayiş etdirərək, düşmənə ağır və sarsıdıcı zərbələr endirib. Bu, Azərbaycanın suverenliyinə, əhalimizin təhlükəsizliyinə və Beynəlxalq hüquqa söykənən legitim haqqımızdır”.
Deputat təəssüflə qeyd edib ki, anti-milli qüvvələr yenə də ölkəmizin haqq işinə kölgə salmağa cəhdlər göstərir:
"Təəssüf ki, yenə də bəzi ölkələrin siyasi dairələri ədalətə, haqqa və reallığa söykənməyən mövqe nümayiş etdirir, riyakarcasına faşist mahiyyəti daşıyan Ermənistanı müdafiə edirlər. Eyni zamanda Azərbaycan adı altında simasını pərdələyən anti-milli satqınlar ölkəmizin haqq işinə kölgə salmağa cəhdlər göstərir, ermənilərin mövqeyini müdafiə edirlər”.
"Azərbaycan Silahlı Qüvvələri bütün prosesə nəzarət edir, ermənilərin diversiya qruplarının hücum xarakteri daşıyan addımlarına qətiyyətli cavab verilir” – deyə deputat əlavə edib.
Onu da qeyd edək ki, bu gün yayılan məlumata görə, Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub.
Məlumata görə, tərəflər sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəliblər. O qeyd edib ki, bu razılaşma beynəlxalq ictimaiyyətin iştirakı sayəsində əldə olunub.
Aydın Nuri