Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Elmi-Metodiki Şuranın ilk toplantısı keçirilib.
AQC-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZXEBER.COM-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc Elmi-Metodiki Şuranın yaradılması zərurəti barədə danışıb. O qeyd edib ki, Azərbaycanın ilk assosiativ ictimai birliklərindən olan AQC qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması, elmi-metodiki fəaliyyətin təşkili üçün belə bir qərar qəbul edib və öz növbəsində sədr ölkəmizin nüfuzlu alimlərinə şurada təmsil olunduqları üçün minnətdarlığını ifadə edib.
Elmi-Metodiki Şuranın sədri, iqtisadçı alim İbrahim Quliyev qarşıda duran hədəfləri iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, qiymətləndirmə standartlarının hazırlanması, elmi-metodoloji fəaliyyətin təşkili üçün səfərbər olunan şura elmi jurnal da ərsəyə gətirəcək. Jurnalda qiymətləndirmə istiqamətləri ilə yanaşı, iqtisadiyyatın ayrı-ayrı sahələrinə dair məqalələr də yayımlanacaq və jurnal öz işini beynəlxalq standartlara uyğun şəkildə həyata keçirəcək: "Bununla bağlı müvafiq qurumlara müraciət olunub və yaxın zamanda qeydiyyat prosesi tam başa çatacaq” - İ.Quliyev vurğulayıb.
Jurnalın rəhbər və redaksiya heyətlərinin formalaşdırılması üzərində iş aparıldığını deyən İ.Quliyev xarici mütəxəssislərin də bu prosesə cəlb olunacağını bildirdi. Çıxış edən şura üzvləri şuranın və nəşr olunacaq elmi jurnalın əhəmiyyətindən bəhs ediblər. Onlar bildiriblər ki, qiymətləndirmə ekosistemin ayrılmaz tərkib hissəsidir və bu sahəyə aid samballı elmi məqalələrin həm fiziki daşıyıcılarda kağız formasında çap olunması, həm də elektron formada işlənməsi günün aktual tələbidir. Qərara alınıb ki, elmi jurnalın fəaliyyətə başlaması üçün hüquqi və texniki prosesdurlar qısa müddətə başa çatdırılsın və ən qısa müddətə jurnalın ilk nüxsəsi nəşr olunsun.
Elmi-Metoloji Şuranın Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdıran şura sədri bununla bağlı quruma müraciət olunacağını söyləyib. Əlavə edib ki, qiymətləndiricilər üçün keçirilən ixtisas imtahanlarında test bankının hazırlanmasında şurada təmsil olunan alimlər yaxından iştirak ediblər: "Hesab edirik ki, qiymətləndiricilər üçün keçirilən ixtisas imtahanlarında təqdim olunacaq sualların peşəkarlıq dərəcəsi artırılmalıdır və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Elmi-Metodiki Şurası olaraq bu prosesdə yaxından iştirak etməyə hazırıq”.
Elmi-Metodiki Şurada AQC sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İbrahim Quliyev, AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir, Bakı Avrasiya Universitetinin kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsalə Nağıyeva, , Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nəzakət Musayeva, Azərbaycan Texniki Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Natavan Namazova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ülkər Sadıqova, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İlqar Məmmədov, Azərbaycan Texniki Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əliheydər Panalıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Bulud Sadıqov, Beynəlxalq idarəetmə sistemləri (standartları) üzrə mütəxəssis, Britaniya Standartlar İnstitutunun və LRQA (Lloyd s Register) İSO 9001,İSO 45001 standartları üzrə aparıcı auditoru Asif İbrahimov və Bakı Avrasiya Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Pərvin Verdiyeva təmsil olunurlar.
Xatırladaq ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti (AQC) 1998-ci ildə təsis olunub və ölkəmizin ilk assosiativ ictimai birliklərindən biridir.
Qiymətləndiricilər arasında qarşılıqlı, faydalı və kordinasiyalı fəaliyyəti təşkil edən AQC dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir. Bu günə qədər qiymətləndirmə sahəsində yüzlərlə sertifikasiya imtahanı və çoxsaylı meqa layihələr həyata keçirib. 2022-ci ilin mayından quruma rəhbərlik edən Vüqar Oruc eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin qatıldığı, Rusiya, Belarus, Gürcüstan qiymətləndirmə birliklərinin fəaliyyətində yaxından iştirak etdiyi, 700-dən artıq qiymətləndirmə şirkəti və minlərlə qiymətləndiricinin təmsil olunduğu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidentidir.