Aqil Abbas: Gövdə göstərisi baş tutmadı

Aqil Abbas: Gövdə göstərisi baş tutmadı
SOSİAL
15:37 24.08.2020
2004
Aqil Abbas,
Millət vəkili
 
Son zamanlar ölkədə Möhtərəm Prezidentin apardığı həm uğurlu iqtisadi siyasət, həm kadr siyasəti, çirkaba bulaşmamış gəncləri yüksək vəzifələrə irəli çəkməsi, bütün dünyanın donduğu bir vaxtda büdcəyə yenidən baxılarkən sosial problemləri dayandırmaması, əksinə, önə çəkməsi, korrupsiyaya qarşı qətiyyətli mübarizəsi və xüsusilə də Dağlıq Qarabağla bağlı (Dağlıq Qarabağ çoxdan dağlıq qarabağlıqdan çıxıb, Qarabağ problemidi) qətiyyətli addımı Azərbaycanı parçalamaq istəyən həm xarici qüvvələri, həm də daxildəki radikal müxalifəti bərk narahat edir. Əvvəla, onu deyək ki, korrupsiyaya qarşı mübarizə Möhtərəm Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi gündən apardığı bir siyasətdir.
 
Bu faktları çoxumuz bilirik – 2005-də, ondan sonrakı illər, xüsusilə 2015-də və bir də son bir ildə. Yəni həmişə bu mübarizə birinci yerdə olub. Bu da təbii ki, ölkə daxilində korrupsiyaya bulaşmış yüksək vəzifəli məmurların və onların yaxınlarının iqtidara qarşı gizli şəkildə birləşməsinə səbəb olub. Belə deyək ki, ölkədə bir inciklər qrupu yaradıb. Bu inciklər başqa bir yazılacaq yazının mövzusudu.
 
Xarici siyasət idarəsində, yəni Xarici İşlər Nazirliyində baş verən korrupsiya halları və Vətənə xəyanət halları aradan qaldırılmaqdadır. Yəni xarici siyasətdə çox böyük dəyişikliklər gözlənilir. Arzulayaq ki, Möhtərəm Prezidentin xarici siyasətini yeni təyin olunmuş nazir Ceyhun Bayramov sələfi Elmar Məmmədyarov kimi deyil, ləyaqətlə həyata keçirəcək. İslahatlardan ən diqqəti cəlb edənlərdən biri odur ki, Prezident Aparatının qapıları müxalifətin üzünə açılıb. Müxalif partiyanın liderləri iqtidarla dialoqa girib təkliflərini, sözlərini, iradlarını səmimi şəkildə bildirə bilirlər. Yalnız iki partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası bu dialoqlarda iştirak eləmir.
 
Ümummilli lider Heydər Əliyev AMİP-in sədri Etibar Məmmədov haqqında belə bir fikir söyləmişdi: - Qapı açıqdır, Etibar Məmmədov istədiyi zaman buyurub söhbətə gələ bilər. Etibar Məmmədov bu söhbətə getmədi və çox uduzdu.
 
İndi Prezident Aparatının qapıları AXCP-nin də, Müsavatın da üzünə açıqdır, onların dialoqa getməməsi Etibar Məmmədov kimi, uduzmalarına səbəb ola bilər. Və təbii ki, iqtidarın müxalifətlə apardığı bu dialoqlar xalqın ürəyincə olsa da, Azərbaycanı sevməyən xarici qüvvələrin və beşinci kolonun ürəyincə deyil.
 
Dünya ölkələri Belarusu qarışdırıblar. O Belarusu ki, ən stabil ölkəydi, az qala işsizlik sıfır vəziyyətində idi, insanlar normal yaşayırdılar. Zavod və fabriklər oliqarxların əlinə keçməmişdi. Bütün xarici qüvvələr isə Belarusun var-dövlətini, sərvətini əllərinə keçirmək üçün nələri var töküblər ortalığa. Sonunun necə olacağını bilmirik. Azərbaycan da xarici ölkələrin ən çox marağında olan bir dövlətdir. Amma Azərbaycan müstəqil siyasət aparır. Heç bir qüdrətli dövlətin təsiri altına düşmək istəmir və düşmür.
 
Bu da təbii ki, Azərbaycanı sevməyən qüvvələri narahat edir. Ona görə də əllərində olan həm media imkanları ilə, həm də daxildəki radikal partiyalarla və onların trolları ilə çalışırlar ki, ölkəni qarışdırıb Belarusun gününə salsınlar. Və daxildəki müəyyən qüvvələrin də xaricdəki telekanalların, youtube kanallarının maliyyələşməsinə vəsait ayırmaları sirr deyil.
 
Artıq DTX belələrinə qarşı sərt mövqeyini ortaya qoyub. Bu gün gündəmi zəbt edən çox ciddi məsələlərdən biri akademik Ramiz Mehdiyevin pandemiya dövrü nəvəsinə toy eləməsidir. Bu barədə demək olar ki, çox yazırlar, ictimaiyyət də öz hiddətini sosial şəbəkələrdə və mətbuatda bildirir.
 
Bunu adətən Ramiz Mehdiyevin iqtidara gövdə göstərisi kimi qeyd edirlər. Əgər beləydisə bu, baş tutmadı. Əksinə, çox böyük uğursuzluğa düçar oldu.
 
Möhtərəm Prezident hər kəsi yerində oturtdu. Hər kəs layiqli cəzasını aldı. Amma cəza məsələni həll eləmir. Bu gövdə göstərisinin arxasında yəqin ki, çox məqamlar var və bu məqamları da araşdırmaq DTX-nın işi və vəzifəsidi. Yəqini ki, tezliklə bunları da biləcəyik.
 
Tovuz hadisələrindən sonra on minlərlə insanın Şəhidlər Xiyabanına axışması, xalqın dövlətin və prezidentin yanında olduğunu nümayiş etdirməsindən narahat olanlar təxribat törətdilər və milləti başqa yola yönləndirmək istədi və bir qrupu Milli Məclisə saldırtdılar. Bu gövdə göstərisi ilə həmin təxribatın arasında bir paralellik varmı?
 
Bunu araşdırmaq da yenə xüsusi xidmət və hüquq mühafizə orqanlarının işidi. İndi məsələnin sonluğu hamını maraqlandırır. Bu isə dövlət başçısının iradəsindədi.
OXŞAR XƏBƏRLƏR