“Qurdlar vadisi” nəyə xidmət edir?
“Qurdlar vadisi” – son illərin ən çox baxılan, bəyənilən və sevilən dizisi. Gülməli də olsa, mənə elə gəlir ki, adamlar növbəti həftəni ona görə yaşayırlar ki, dizinin sonrakı seriyasına baxa bilsinlər. Məsələn, mən daha dörd il ona görə yaşamaq istəyirəm ki, görüm sevdiyim Braziliya futbol üzrə Dünya çempionatında təzə nə tamaşa göstərəcək.Bəli, bu gün bizim yaşam stimulumuzun biri də “Qurdlar vadisi"dir.Məmləkətin yarısı özünü Polat Ələmdara, Mematiyə, Muroya, Buluda oxşadır. Polat kimi yeriyir, Memati kimi qaşlarının düyününü açmır, Bulud kimi hərəyə bir “espiri yapır”, Muro kimi yanında şapalaqlamaq, üzünə tüpürmək üçün Çətin axtarır və s. və i. a.Yəqin ki, özünü İsgəndər Böyük sayanlar da az deyil. Bəlkə də İsgəndər Böyüklər məmləkətdə Polat Ələmdarlardan, Mematilərdən daha çoxdur.Telefonların az qala 90 faizi bu filmin musiqisi üstə köklənib. Fikir vermisinizsə, yas mərasimlərində adamlar mollanın “Fatihə”sindən daha çox çaşıb bu musiqiyə salavat çevirirlər.O gün bir yas yerində mollanın telefonu zəng çalanda “Qurdlar vadisi”nin melodiyası səsləndi. Özümü saxlaya bilməyib dedim:- Molla, telefonu aç, Polat Ələmdar zəng edir.Oturanların dodağı qaçdı, molla pərt oldu, amma özünü toparlayıb dedi:- Müəllim, vallah, nəvələrim yazıb, poza bilmirəm.Bir sözlə, “Qurdlar vadisi” həyatımızın ayrılmaz bir parçasına çevrilib.Bir neçə kəlmə film haqqında.Hövsələm çatmadığına görə diziləri sevmirəm və baxmıram. Amma bu film haqqında o qədər danışdılar, danışdılar, axırda məni də yoldan çıxartdılar. Bilmirəm, 11, ya 12 seriyasına baxmışam. Və indi mən də hamıya qoşulub növbəti həftəni yeni seriyaya baxmaq üçün yaşayıram....Tapancalar çəkilmişdi. Birini Polat, birini Memati, birini də adını unutduğum, sovet ədəbiyyatşünaslarının dili ilə desək, mənfi qəhrəman deputatın cangüdəni tutmuşdu...Allah-Allah, bu yerdə bitdi. Görən, bu gecə nələr olacaq (mən yazını dördüncü gün bilgisayara diqtə edirəm)?Yazını bilgisayarda yazan Mehriban xanım:- Müəllim, Polat Cavidi öldürməyəcək.Mehriban xanım deputatın adını da bilirmiş.- Nə bilirsən?Camaat danışır.Heç demə, həftəni gözləməyə səbri çatmayanlar da var, internetə-zada girib özləri üçün bir təskinlik tapırlar.Nə isə qayıdaq filmə.Filmə heç bir söz ola bilməz. Və bir türk filminin belə bir reytinq qazanmasına çox sevinirəm. Çox gözəl bir ssenari, güclü rejissor işi, ən adi detallarla belə bu “xəyal ürünü”nə həqiqətdən də artıq həqiqət donu geyindirə bilməsi, tamaşaçıları bir “xəyal ürünü”nə inandırmaq qeyrəti. Rejissorun bəlkə də yüzlərlə aktyorun içindən seçdiyi bu adi aktyorları bir yerə yığıb komanda halında oynatmaq bacarığına qibtə etməmək olmaz. Heç Braziliyanın məşqçiləri də belə belə bir takım yarada bilməyib. Hollivudun məşhur rejissorları da bir filmdə belə bir aktyor ansamblı ortaya qoya bilməyib.Rejissorun və aktyorların məharətinin nəticəsidir ki, adamlar filmdəki obrazları bir obraz kimi deyil, hər gün rastlaşdıqları insanlar kimi qəbul edirlər.Necə ki, Səməd Vurğun insanları həyatda olmayan Xuramanın özünü Cıdır düzündəki bir qayadan atdığına inandıra bilmişdi. Və minlərlə insan Xuramanın “özünü atdığı bu qaya”ya baxmaq üçün Cıdır düzünə axışırdı. Və Xuramanın “özünü atdığı qaya”dan baxmaq istəyirdi Topqapıya, ordan da üzü Qarabağa. Artıq bu filmin tamaşaçıları da Polatı, Mematini, Buludu, Muronu, İsgəndər Böyükü elə qəbul edirlər. Şəksiz, bu rejissorun və aktyorların böyük qələbəsidir.Və təbii ki, filmin hətta mollalarımızın telefonlarında da səslənən musiqisi də “Qurdlar vadisi”nin insanların ürəyinə işləməsində qeyri-adi bir rol oynayır.Bir sözlə, "xəyal ürünü"nü həyat həqiqətləri kimi təqdim etməyi bacaran ssenari, güclü rejissor işi, qeyri-adi aktyor ansamblının qeyri-adi ifası, ruhu oxşayan, iliyə işləyən musiqi - bərabərdi “Qurdlar vadisi”nə.Bu film türk kinosunun böyük bir uğurudur. Çox sevinirəm ki, son illər türklər dünyaya uğurlu filmlər çıxara bilirlər ki, “Qurdlar vadisi” də bunlardan biri, daha dəqiq desək, birincisidi.Kəsəsi, bu filmi mən də sevdim və növbəti həftəni yaşayıram, görüm, Mehriban xanım düz deyir, ya yox. Mənim filmə heç bir iradım yoxdu. Düzdü, film realizmdən çox uzaqdı, bu, başqa bir məsələdir, mən heç o söhbətə gəlməyəcəm.Bəs məsələ nədir?Məsələ ondadır ki, elə baxdığım iki-üç seriyadan sonra gördüm ki, bu film hətta adından başlayaraq ideoloji bir filmdir. Sovetlər dönəmində illərlə ideoloji filmlərə baxdığımız üçün bunu tutmaq bizim üçün o qədər çətin deyil. Amma ömrü boyu heç bir ideoloji film görməyən......Əslində, Türkiyəyə ideoloji filmlər çox lazımdır, amma təbii ki, “Qurdlar vadisi” kimi yox...... türk qardaşlarımız üçün bu filmin arxasında nələrin gizləndiyini, bu filmin nəyə və nələrə, kimə və kimlərə xidmət etdiyini tutmaq, nəinki çətindi, heç mümkün də deyil. Bunu yalnız aydınlar tuta bilərlər. Güman ki, aydınlar da diziləri sevmirlər və izləmirlər.Bu filmin arxasında nələr var?!”Qurtlar vadisi” ideoloji bir filmdir. Və “Qurtlar vadisi pusu” həqiqətən də bir pusu (tələ): milliyyətçilər üçün, atatürkçülər üçün, ulusçular üçün bir pusu. Türkiyəni ABŞ-ın və Avropanın işğalından xilas etməyə qeyrət göstərənlər üçün bir pusu. Nə yazıq ki, artıq bütün Türkiyə bu pusunun içində. Türkiyəmizi bu pusudan kim xilas edəcək? Bu sual açıq qalır. Və mənim heç bu suala cavab axtarmaq fikrim də yoxdu.Mən sadəcə olaraq bu filmin son bir ildə (bir az da çox) Türkiyədə baş verən olaylara nə qədər dəxli olduğunu həm Türkiyədəki oxucularıma, həm də “Qurtlar vadisi”nin xəstəsi olan özümüzünkülərə çatdırmaq istəyirəm. Əslində, bunu görmək üçün nə yazıçı olmaq lazımdır, nə də alim. Filmi də, Türkiyədə baş verən hadisələri bir az dərindən izləmək kifayətdir ki, bu filmin sifariş olduğunu görəsən. Nə film bitənə oxşayır, nə də “Ergenekon soruşdurması”.Əslində, film öz işini görüb qurtarıb. Çox güman ki, tezliklə nöqtə qoyulacaq, sadəcə olaraq hələ bir az para üçün filmi mənasız yerə uzadırlar və həm də Azərbaycanı ora qatmaq lazım idi axı.Filmin adına diqqət edin: “Qurtlar vadisi”. Qurd - türklərin xilaskarı, inancı, türkləri ölüm vadisindən Tanrı işığının köməyi ilə çıxarıb bütün dünyaya sahib edən və min illərdi türkləri qoruyan bir Tanrı mələyi.Bəs “Ergenekon” nədi? Türklərin doğulduğu yurdun – “vadi”nin adı, müqəddəs bir məkan. Kəsəsi, “Qurtlar vadisi”, yəni “Ergenekon”. Bu adların üst-üstə düşməsini təsadüfmü sayırsınız?! Şəhid qanları ilə yoğrulmuş bir müqəddəs məkanın adının “mütəşəkkil cinayətkar dəstəyə” verilməsini təsadüfmü sayırsınız?! Belə bir mütəşəkkil cinayətkar dəstə həqiqətən varmı? Deyəsən, bunu nə savçılar bilir, nə də yarğıclar. Bunun nə qədər həqiqət olduğunu təkcə “Qurtlar vadisi” filminin sifarişçiləri bilir.Qısaca, “Ergenekon” soruşdurması ilə bağlı.Hazırda qaçıb Kanadada yaşayan Tuncay Güney adlı beynəlxalq dərəcəli bir dələduzdan işgəncə yolu ilə alınmış bir ifadənin, bir də mənasız telefon danışıqlarının əsasında Türkiyənin say-seçmə, saytal oğulları aylardır sorğusuz-sualsız həbsxana künclərinə atılır. 80 yaşında bir qadın, 81 yaşında bir jurnalist, PKK ilə savaşda iki qılçasını itirmiş, köməksiz hərəkət edə bilməyən bir albay..... Bu albay Türkiyə uğrunda şərəflə vuruşduğuna görə cümhurbaşkanı tərəfindən dövlət medalı ilə təltif olunmuşdu...... və sair və ilaxır dövlət çevrilişi edəcəkmiş. Nə isə, bunu buraxaq savçıların və yarğıcların "Qurtlar vadisi"nin sifarişçilərinin əlində olan səlahiyyətlərinə.Oranı-buranı qazıb bir qədər silah-sursat tapırlar. 20-30 əl qumbarası, bir az da tüfəng, 7-8 dənə də artıq istifadəyə yararsız qumbaraatan. Tapılan tüfənglərin sayı bilirsiniz nə qədərdi?! 45 ədəd! Bu 45 tüfənglə yaşları 70-i keçmiş professorlar, yazıçılar, jurnalistlər, aydın qadınlar Türkiyədə dövlət çevrilişi yapacaqlarmış.Qayıdaq filmə. Əslində, elə bayaqdan filmdən danışıram.Əvvəla, “Qurtlar vadisi”nin özülündə nə durur? Film nəyi ifşa etmək istəyir? “Dərin dövlət”i.Dünyanın qüdrətli, böyük dövlətlərinin əslində üzdə olan məmurlar deyil, “dərin dövlət” tərəfindən idarə edildiyi heç kimə sirr deyil. “Dərin dövlətlər”in idarə elədiyi belə dövlətlər barmaqla sayılası qədərdi: ABŞ, Rusiya, İsrail, Almaniya, Yaponiya, İngiltərə, bir az da İtaliya.“Dərin dövlətlər” öz ölkələrinin uzunmüddətli strategiyasını və xarici siyasətini yönləndirir. Məsələn, Boris Yeltsinin Rusiyanı uçuruma apardığını görən “dərin dövlət” onun arağını, soğanını, çörəyini və kənizlərini verib göndərdi balıq tutmağa. Onun yerinə Rusiyanı uçurumdan çıxara biləcək (və o bunu bacardı) Putini gətirdi, yolunu da çör-çöpdən, lotu generallardan təmizlədi.Obamanı da hakimiyyətə “dərin dövlət” gətirib, yoxsa kim idi srağagünəcən heç qonşusunun tanımadığı bir şəxs ABŞ-a prezident seçiləydi. Və ondan Yusif Sərrac kimi istifadə edəcəklər. Buşun da, başqalarının da buraxdıqları səhvləri onun çiyninə qoyub göndərəcəklər Keniyadakı qardaşının yanına.Bu “dərin dövlətlər” təkcə öz ölkələrinin deyil, həm də öz ölkələrinin xeyirləri üçün başqa dövlətlərin də strategiyasını, xarici siyasətini müəyyənləşdirirlər. Məsələn, Şevardnadzeni hətta maaşını belə ABŞ-dan alan Saakaşvili ilə əvəzlənməsi. Və ya Rusiyadan qopub müstəqil siyasət yürütmək istəyən Ter-Petrosyanın 3 günün içində istefaya göndərilib yerinə Köçəryanın gətirilməsi. Belə misalların sayını artırmaq olar.İnsanların “dərin dövlət” haqqında bilgiləri çox deyil, elə mənim də. Sadəcə olaraq mən həm “Tarixi-Nadir”i, həm də Yunus Oğuzun “Nadir şah” romanını sonacan oxumuşam.Gələk Türkiyəyə.Ağlım kəsəndən eşidirəm ki, Türkiyədə də “dərin dövlət” var. Buna heç uşaq vaxtı inanmamışam, onda ki indi ola. Amma Türkiyədə “dərin dövlət” olsaydı buna çox sevinərdim. İnanmamışam və indi də ona görə inanmıram ki, Türkiyədə “dərin dövlət” olsaydı, canımdan artıq sevdiyim bu məmləkət indiki duruma düşməzdi, ABŞ-ın və Avropanın işğalı altında yaşamazdı, ən azı ermənilərin qabağından qaçmazdı.Türkiyədə “Qurtlar vadisi”nin görüntüsünü yaratmaq istədiyi, millətə sırımaq istədiyi heç bir “dərin dövlət” yoxdur.Əvvəllər bu işi az-çox qüdrətli türk ordusu görürdü. Ordu heç vaxt siyasətə qarışmasa da, siyasətçilər ölkəni uçuruma aparanda ordu həmin “dərin dövlət” rolunu az-çox oynayıb və Türkiyəni xilas edib. Bu məsələyə qayıdacağıq.Bəli, “Qurtlar vadisi” Türkiyədə olmayan “dərin dövləti” türk xalqına qəşəngcə sırıyıb.