Estakadanın uçması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmri ilə yaradılmış komissiya araşdırmalara başlayıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Neft daşları"nda baş verən ölüm hadisəsinə aydınlıq gətirib. AZXEBER.COM-un ARDNŞ-ə istinadla verdiyi məlumata görə, hadisə şənbə günü baş verib.
Martın 15-də saat 15:15 radələrində “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsinin təmir briqadası tərəfindən “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-də təmir işləri aparılarkən işçilərin üzərində olduğu ferma estakadadan qoparaq 4 nəfər işçi ilə birlikdə dənizə düşüb.
3 nəfər quraşdırıcı - Səfədur Zəkərəliyev, Mənsim İmanov, Mais Süleymanov iş yerində olan xilasedicilərin və işçi yoldaşlarının köməkliyi ilə dərhal sudan çıxarılaraq Neft Daşlarındakı Tibb-sanitar hissəsinə çatdırılıblar, vəziyyətləri normaldır. Suya düşənlərdən bir nəfəri - “Neftqaztikinti” trestinin 7 saylı TQİ-nin V dərəcəli quraşdırıcısı, 1956-cı il təvəllüdlü Hacıyev Musa Mirzəhüseyn oğlu isə dənizdə itkin düşüb. Dalğıc gəmiləri hadisə yerinə səfərbər olunmuş, axtarış işləri nəticəsində M.Hacıyevin cəsədi 19:00 radələrində dənizdən çıxarılaraq sahilə göndərilib.
Hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmri ilə yaradılmış komissiya araşdırmalara başlayıb. Araşdırmanın nəticələri haqqında ictimaiyyətə məlumat veriləcək.