Suraxanıda arvadını öldürməkdə təqsirləndirilən Ehtibar Qasımovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyde edək ki, bu il fevralın 1-i saat 18 radələrində 1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Ehtibar Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.