“Arzuolunmaz şəxs” elan edilən Ahmet Çakar əslində kimdir?

“Arzuolunmaz şəxs” elan edilən Ahmet Çakar əslində kimdir?
SOSİAL
15:52 21.10.2026
259
Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin qərarı ilə Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Onların arasında Ahmet Çakar adlı şəxs də var. Eyni ad və soyadı daşıyan şəxslərin olması onun kimliyi ilə bağlı qarışıqlıq yaradıb.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycanda "arzuolunmaz şəxs” elan edilən Ahmet Çakar Türkiyənin tanınmış idman şərhçisi deyil, onunla eyni ad və soyadı daşıyan keçmiş deputatdır.
 
Bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində də əksini tapıb.

AZXEBER.COM Azərbaycanda "arzuolunmaz şəxs” elan edilən Ahmet Çakarın dosyesini təqdim edir:

Ahmet Çakar 15 iyul 1951-ci ildə Türkiyədə anadan olub.

O, İstanbul Universitetinin Hüquq fakültəsində təhsil alıb və 1979-cu ildə ali məktəbi bitirib. Hüquq təhsili aldıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Çakar Türkiyənin siyasi həyatında Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü kimi iştirak edib. O, 1999-cu ildə keçirilən parlament seçkilərində MHP-dən İstanbul millət vəkili seçilərək Türkiyə Böyük Millət Məclisinin 21-ci çağırışında təmsil olunub.

Deputatlıq fəaliyyəti dövründə parlamentin inzibati işlər üzrə vəzifələrində də çalışıb. Onun deputatlıq mandatı 2002-ci ildə başa çatıb. Həmin il noyabrın 3-də Türkiyədə keçirilən parlament seçkilərindən sonra yeni parlament formalaşıb və Çakarın qanunverici orqandakı fəaliyyəti yekunlaşıb.

Siyasətdən tamamilə uzaqlaşmayan Ahmet Çakar sonrakı illərdə də MHP daxilində siyasi fəaliyyətini davam etdirməyə çalışıb. 2012-ci ildə partiyanın sədri vəzifəsinə namizədliyini irəli sürüb. Həmin ilin noyabrında keçirilən MHP qurultayında partiyanın hazırkı sədri Devlet Bahçeliyə rəqib olub. Lakin qurultayın nəticələrinə əsasən, Bahçeli yenidən sədr seçilib.

Sonrakı dövrə dair açıq mənbələrdə yayılan məlumatlarda Çakarın İstanbulda yaşadığı və ailəsi ilə birlikdə hüquq məsləhətçiliyi sahəsində fəaliyyət göstərdiyi qeyd olunur.

Qeyd edək ki, Ahmet Çakar son günlər Türkiyənin Akit TV kanalında Azərbaycan əleyhinə çıxışları ilə gündəmə gəlib.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR