Xəbər verdiyimiz kimi, 27-30 mart tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində ASAIF-in forumu keçirilib.
AZXEBER.COM ASAIF-in sədri Ramin Həkimov forumla bağlı müsahibəsini təqdim edir
- Ramin, ilk olaraq ASAİF-in Roma forumunun seçimlərindən başlayaq. Gənclər hansı prinsiplə seçildi? Seçim zamanı daha çox nəyə üstünlük verdiniz?- İlk öncə onu bildirim ki, ASAIF-in Roma forumunun seçim prosesi çox çətin və yorucu oldu. Çünki elə ərizə formaları var idi ki, dəfələrlə oxunub digər sənədlərlə müqayisə olunmalı oldu. Bu iştirakçılara obyektiv yanaşmaq məqsədilə idi. Deyə bilərəm ki, seçim uğurlu oldu. ASAIF-in Roma forumunun nəticələri bunu bir daha sübut edir. Seçim prosesi bir neçə kateqoriya və prinsipə görə aparıldı. Fundamental prinsiplər elanlarda verilmişdir, lakin hər bir təşkilatın da digərlərindən fərqli olan və daim funksional olan iş mexanizmləri var ki, bu da seçimlərdə kömək edə bilir. Forumda ən yaxşı, intellektual potensiala malik olan, vətənpərvər, millətinə və dövlətçiliyinə sadiq olan gənclərə üstünlük verildi.Bununla bərabər ictimai-aktiv təhsil həyatı ilə seçimini etmiş və il ərzində həm təşkilatın, həm də diplomatik nümayəndələrimizin keçirdiyi tədbirlərdə fəal iştirak edən gənclər seçildi. Prosesi çətinləşdirən məqamlardan ən əsası isə 1500-dən çox müraciətin olması idi ki, buradan da seçimin necə çətin olduğunu anlamaq çətin deyil. Seçim prosesi sədrlik və katiblik, idarə heyəti və həmtəsisçilərin birgə qərarı ilə aparılırdı və ələlxüsus təhsilə yeni başlayan və bakalavr dərəcəsini alan gənclərimiz seçilirdi, çünki məntiqi olaraq daha çox il xaricdə olacaqlarını nəzərə alaraq diaspor və lobbiçilik fəaliyyəti ilə bağlı bu gənclərin məlumatlandırılması daha məqsədəuyğundur, lakin aramızda kifayət qədər magistr və doktoranturanı bitirən gənclər də yer alırdı.Bununla bərabər, ən əsas prinsiplərdən biri daim balansın qorunub, saxlanması idi. Bu həm gender balansına, həm ölkələr üzrə müraciət edənlər arasındakı saya bununla bərabər şəhərlər üzrə iştirakçı sayları arasında da balansın qorunub-saxlanmasına şamil olunmuşdur. Məsələn, Türkiyə, Böyük Britaniya və Almaniya müraciət edənlərin sayına görə ilk üç yeri bölüşdülər. Sadəcə Türkiyədən 250-yə yaxın, Böyük Britaniyadan 200-dən artıq, Almaniyadan isə 180-dək ərizə qəbulu olmuşdur, lakin göndərilən sənədlərin hamısı qəbul etmək qeyri-mümkündür. Və ya başqa bir misalla ifadə etsək, Londondan 40 nəfər sənəd göndəribsə, hər kəsin qəbulolma ehtimalı yoxdur, Təbii ki, bu prosesi anlamaq ola bilər ki, bəziləri üçün çətin və təsirli olsun, lakin təşkilatın bu sahədə artıq 13 illik bir təcrübəsi var, ona görə də əlavə sözlər fəaliyyəti zəiflətmir, əksinə, gördüyümüz işin dəyərini daha da artırır.- 3 gün ərzində forumda nələr müzakirə olundu?- Forumda bir çox mövzu üzrə işçi panellər oldu. Dövlət rəsmiləri, dövlət orqanları rəhbərlərinin 45 ölkədən 550 gənclə görüşməsi, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin rəhbər və əməkdaşları, səfirlərimizin gənclərlə görüşməsi və “gənc səfir” konsepti üzrə fikir mübadiləsi, xüsusilə, gənclərin sualları və rəsmilərin səmimi cavabları, gənclər tərəfindən təkliflərin səsləndirilməsi və bunlara olan dövlət diqqəti və qeydlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları, bugünkü vəziyyət, həll yolları və perspektivlər, ictimai diplomatiya, “Azərbaycan 2020” vizyonu və gənclərin missiyası, neft gəlirlərinin səmərəli istifadəsi, investisiya, Avropa oyunları 2015, Azərbaycanda yeni trendlər və brendlər və bu kimi digər mövzular ələ alındı.Digər forumlardan fərqli olaraq bu forumda daha maraqlı mövzulara toxunuldu, çünki ASAIF-in Roma forumu ilk qlobal və Azərbaycandan kənarda keçirilən ən böyük tarixi forum idi, həm coğrafi genişliyi, həm də kontingenti baxımından Şimali Amerikadan – ABŞ, Kanada, Porto-Rikodan tutmuş Avropa – Afrika ölkələri və Uzaq Şərq, Asiya ölkələri, Yaponiya, Cənubi Koreya, Çin, Yeni Zelandiya, Malayziya və Avstraliyayadək xaricdə təhsil alan gənclər iştirak etdi.- Gənclərin aktivliyi, mövzulara yanaşma tərzi sizi qane etdimi?- Gənclər aktiv idilər, lakin düşünürəm ki, daha da aktiv və kreativ ola bilərlər. Forum zamanı tələbələr tərəfindən çox gözəl təşəbbüslər oldu, kreativ yanaşmalar və təkliflər səsləndirildi, lakin digər forumlarda olan bəzi təkliflərin də təkrarlanmasını gördük. Bu da o deməkdir ki, səsləndirilən təkliflər üzrə gənclərlə iş daha aktiv şəkildə aparılmalıdır.- Xaricdə oxuyan gəncləri daha çox hansı məsələ maraqlandırır? Onların gözləntiləri nədir?- Maraqlısı və sevindiricisi odur ki, keçən forumlarda tələbələrin daha böyük marağına səbəb olan məsələlər Roma forumunda əsas predmet deyildi. Bu bir tərəfdən bizləri sevindirir, çünki keçən forumdan indiyədək demək ki, nələrəsə nail olunub, qaldırılan suallar öz cavabını tapıb. Bu forumda gəncləri maraqlandıran məqamlardan biri Azərbaycan dilində və azərbaycanlı gənclərin akademik işlərinin az olmasından və xaricdə, xüsusilə, təhsil aldığımız elm ocaqlarında bu kimi elmi vəsaitlərə çox az rast gəlinməsi oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox sual və təkliflərin səsləndirilməsi, Xocalı faciəsi ilə bağlı fikir mübadiləsi və digər maraqlı məqamlar gənclər tərəfindən dilə gətirildi.- Forum iştirakçıları sonda Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini açıqlayıblar. Bu haqda bir az məlumat verərdin.- Roma forumu ərzində iştirakçıların göstərdikləri təşəbbüs və təkliflər yekun sənədin – bəyanatın qəbul olunması ilə nəticələndi.Bəyanatda bir çox gəncin səsləndirdiyi təkliflərdən irəli gələn məsələlər öz əksini tapdı və cənab prezidentə ünvanlandı. Məsələn, devizi “Azərbaycan 2020: Gənclərin baxışı” olan Roma forumunun əsas məqsədi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının məramlarının, qarşıya qoyulan hədəflərin xaricdə təhsil alan gənclər arasında təşviqi, onların bu proqramın icrasında yaxından iştirakına nail olmaqdır və bunun üçün ASAIF qərara alaraq cənab prezidentə müraciət etdi ki, indiyədək 2000-ə yaxın gəncə dövlət hesabına dünyanın ən məşhur elm ocaqlarında təhsil almaq imkanı verən, gənc peşəkarların formalaşmasına, müstəqil Azərbaycanın inkişafında onların bilik və bacarıqlarının səfərbər olunmasına geniş imkanlar açan və gənclərin irəli çəkilməsi, dövlət qulluğuna qəbulda getdikcə gənclərin payının artmasına bariz nümunə olan “Azərbaycan Gəncliyi: 2007-2015-ci illər Xaricdə Təhsil Proqramı”nın müddəti uzadılsın və bununla bərabər dövlət qulluğuna xaricdə təhsil alan gənclərin qəbul mexanizmləri daha da təkmilləşdirilsin.Təbii ki, gənclərin təklifi və onların cənab prezidentin gənclər siyasətinə olan güvəni, yekun bəyanatda ASAIF-in cənab prezidentin siyasi kursunun dəstəklənməsinə və “Azərbaycanın 2020” vizyonun və neft kapitalının insan kapitalına çevrilməsi prosesində dövlət başçısı ilə birgə yola davam edilməsinə və qarşıdakı prezident seçkilərində İlham Əliyevin dəstəklənməsini qəbul etdi, çünki Azərbaycan dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Dövlət gənclər siyasətinin də əsas predmeti Azərbaycan gəncidir. Biz gənclər buna inanırıq və bu yolda ASAIF-çilər birgə səyimizi əsirgəməyəcəyik.- Bəzi şəxslər gənclərin bu qərarını birmənalı qarşılamayıb. Sizcə bu nəylə bağlıdır?- İndiyədək inanmıram ki, hansısa bir qərar birmənalı şəkildə qarşılansın və bu da normaldır. Mənim üçün bir gerçəklik var. Əgər bütün hər şey yolunda və normaldırsa, deməli, vəziyyətin özündə anormallıq var. ASAIF bu gün böyük bir təşkilatdır və böyük bir ailədir. Bu ailənin təməli səmimiyyət və rəsmilərlə gələcəyin rəsmiləri olacaq gənclər arasındakı səmimi münasibətlər üzərində qurulub və vahid marağa, Azərbaycançılıq məfkurəsinə xidmət edir. Bar verən ağacı daşlayarlar misalı uyğun təsvirdir.Bu gün təşkilatın işi var, 13 illik təcrübəsi, intellektual potensialı və tərkibində var olan güclü peşəkar və vətənpərvər gənclər mövcuddur. Təbii ki, bu qədər potensialı öz ətrafına yığa bilməyən insanların kitablarındakı yazı bu işi layiqində görən insanları təhqir etməkdən başqa bir şey deyil. Demokratik prinsipləri özlərinə bayraq edənlər vətəndaş mövqeyindən danışırlar. Forum iştirakçılarının da öz mövqeləri aydındır və bunu qəti şəkildə yekun bəyanata olan güclü dəstəklə bildirdilər. Qısacası, forum iştirakçılarının namizədi cənab Prezident İlham Əliyevdir.- Növbəti forum nə zaman və harada olacaq?- Forumun ən maraqlı anlarından biri budur və o anı unutmaq mümkün deyil. Mənim yekun bəyanatı səsləndirdiyim zaman auditoriyada əyləşən Almaniyadakı səfirlik əməkdaşımız söz istədi və mən də yekunda söz verdim. Bir təklif gəldi və bu təklif ASAIF-in növbəti forumunun Berlində keçirilməsi oldu və bunu da bütün iştirakçılar dəstəklədilər və beləliklə Roma forumunun yekunu da gözəl və faydalı bir nəticə ilə bitdi. Vaxt üçün isə danışmaq hələ tezdir, daha Roma forumunda gənclərimizin səsləndirdikləri təkliflərin məcmusu bütün forum iştirakçılarına hesabat-report olaraq göndəriləcəkdir. İndi bunun üzərində görüləcək işlərimiz var.- Forumda iştirak etmədiyinə görə narazı qalan gənclərə nə demək istərdin?- Roma forumunda iştirak etməyənlərin növbəti forumda iştirak etmək ehtimalı daha yüksəkdir, çünki Roma forumunda da əksəriyyət aramıza yeni qoşulan və bu forumlarda ilk dəfə iştirak edən gənclər idi. Bunu anlayışla qarşılayan və bizə işlərimizdə uğur diləyən insanlar var və onların sayı yetərincədir. Lakin seçilmədi deyə ağlından nə keçir onu yazmaqdan çəkinməyən insanlar da az deyil. Bu ən azından digər seçilən insanlara qarşı etik və mədəni olmayan bir davranışdır. Qısqanclıq və ikrah hissinə bürünən bəzi şəxslər daim var və var olacaq. Ona görə də biz bunlara deyil, işimizə fikir verir və missiyamızı uğurlara tamamlamağı özümüzə borc bilirik.Hacıbəy Heydərli