Aşıq Namiq Fərhadoğlunun layihə rəhbəri olduğu "Köklə sazı” yarışmasının növbəti buraxılışına hazırlıqlar başlayıb.
Axşam.az-ın məlumatına görə, yarışmanın yeddinci buraxılışı oktyabrın əvvəllərində yayımlanmağa başlayacaq.
N.Fərhadoğlu bildirib ki, bu dəfə aşıqların yarışmasında dəyişikliklər ediləcək:
"Hər zaman münsif kürsüsündə aşıqların əyləşməsinə üstünlük verirdim. Artıq xalq, əməkdar artistlərimizə də müraciət edəcəyəm. Hətta Nazpəri Dostəliyeva ilə danışıqılar aparmışıq. O da münsiflərimizdən olacaq. Verilişimiz yenə də "Lider” kanalında yayımlanacaq. İndidən mənə müsabiqədə iştirak etmək üçün zəng vururlar. Aşıq sənətinə dəstək olmağa çalışıram. Bu da insanların diqqətini çəkir. Bunu telefonuma gələn zənglərdən görürəm”.
N.Fərhadoğlu başqa layihələr hazırladığını da deyib:
"Space” telekanalında verilişim yayımlanır. İndi ARB və "Xəzər” kanalı ilə danışıqlar aparıram. Başqa layihələrimi də həmin kanallarda təqdim edəcəyəm”.
Qeyd edək ki, "Köklə sazı” layihəsinin bu günə kimi 6 buraxılışı efirə gedib. Aşıqlar arasında keçirilən yarışmanın qalibinə avtomobil bağışlanıb.