Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru aşıq Samirə bu gün media nümayəndələri ilə görüşüb.
AZXEBER.COMxəbər verir ki, sənətçi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə əsərlər ifa edib.
Tədbirdə çıxış edən aşıq Samirə bildirib ki, orkestrin müşayiəti ilə üç aşıq havası ifa edib: “Nəhayət, xeyli müddətdir gözlədiyim bir layihəni həyata keçirtdim. Bunun üçün çox şadam. Bu layihədə məni Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestri müşayiət edib. Onların müşayiəti ilə üç musiqini yeni albomuma daxil etdim. Bu albomun adını isə "Sənətinə Aşiq Samirə" qoydum. Düşünürəm ki, bu layihəm fərqli alınıb”.
Xatırladaq ki, aşıq Samirənin ifasında olan "Misri", "Cəlili", "Şirvan müxəmməsi" adlı layihənin müəllifi elə özüdür.
Yaradıcı heyətə - musiqi rəhbəri, qarmon ifaçısı, əməkdar artist Etibar Qasımbəyli, səs rejissorları Vahid Talıbov, Rövşən Həsənov, quruluşçu operatoru Elmir Süleymanov, operator Cavanşir Ağayev, montajçı Elnar Həşimov daxildirlər. Orkestrin dirijoru Azad Əliyevdir.
Onu da əlavə edək ki, dirijor ötən ay dünyasını dəyişdiyi üçün mərhum sənətkarın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Qeyd edək ki, tədbir zamanı Aşıq Samirəyə üstündə saz alətini əks etdirən tort hədiyyə olundu.


