Ermənistan mətbuatı keçən həftə Ermənistan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasından qovulması məsələsinə ciddi diqqət yetirib.Gündəlik dərc olunan “Joxovurd” qəzeti buna xüsusi məqalə həsr edib. Məqalədə AŞPA-da Ermənistan nümayəndə heyətinə başçılıq edən Ermine Naqdalyanın Strasburqda üzləşdiyi biabırçılıqdan bəhs edilir. “Keçən həftə Strasburqda baş verənlər sadəcə biabırçılıq idi və bunun üçün ən azı istefa vermək lazım idi”.Müəllifin yazdığına görə, Ermine Naqdalyan AŞPA-nın siyasət komissiyasında müzakirəyə qoyulan “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş torpaqlarında zorakılıq hallarının artması” adlı məruzə-qətnamənin müzakirəsi zamanı ağılsızlıq edib. Məruzənin adının dəyişdirilməsinə çalışan erməni xanım tərbiyəsiz ifadələr işlədib və buna görə də Ermənistan nümayəndə heyətinin mikrofonları söndürülüb, müzakirənin erməni dilinə tərcüməsi dayandırılıb və Ermənistan nümayəndə heyəti zaldan çıxarılıb.