"Avropa Şurası Parlament Assambleyasının nizamnaməsində insan hüquqlarının müdafiəsi, demokratiyanın, Avropa dəyərlərinin ölkələrə təbliğ olunması, onların mühafizəsi və qorunması və s. bu cür humanitar dəyərlər ön plana çəkilib".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Vüqar İskəndərov AŞPA-nın Azərbaycana qarşı atdığı qərəzli addımlardan danışarkən deyib.
Deputat bildirib ki, Azərbaycan AŞPA-ya üzv seçiləndə bu təşkilatın haqlı mövqe tutacağını gözləyib, amma bu, heç vaxt baş tutmayıb:
"Son zamanlarda bu təşkilatın öz təməl prinsiplərindən kənar fəaliyyət göstərməsi dünyada heç kimə sirr deyil. Qeyd etməliyik ki, Azərbaycan AŞPA-ya 2001-ci ildə üzv olanda bu təşkilatın haqlı mövqeyi seçəcəyini gözləyirdi. Qarabağ probleminin ədalətli, beynəlxalq hüquq norma və prinsiplərini çərçivəsində həll olunacağını güman edirdi. Amma təəssüflər olsun ki, bu təşkilat bütün bunları etmək əvəzinə, əksinə heç bir normal addımlar atmadı. Hələ daha da dərindən analiz etsək, elə bu münaqişə kimi donmuş formada qalması üçün bütün işləri gördü.
Azərbaycan nümayəndə heyətinin verdiyi qərar təşkilatın bəyanatına qarşı çox doğru və düzgün atılan addımdır. Bu təşkilat Fransa və Almaniyanın təsiri altında fəaliyyət göstərir. Bu cür təşkilat, əlbəttə ki, Fransanın bir dirijor çubuğu ilə idarə olunur. Əgər 1949-cu ildən bu günə qədər AŞPA-nın prezidentlərinin siyahısına baxsaq, onların böyük əksəriyyəti fransız və frankofoniya daxil olan dövlətlərin üzvləridir. 2012-14-cü illərdə yalnız bir dəfə Mövlud Çavuşoğlu orada bu vəzifəyə seçilib. Yəni dediyimdə əsas məqsəd budur ki, bu, Fransa təsiri altında formalaşan bir təşkilatdır. Çox təəssüflər olsun ki, Almaniya da artıq bu bədxah siyasətə alət olub. Frayberq kimi alman deputatın verilən tapşırığı icra etməsi, Fransanın Almaniyanın əli ilə bu siyasi riyakarlığın yerinə yetirilməsi dediklərimizə bariz nümunədir".
Millət vəkilinin fikrincə, AŞPA-nın bu cür ədalətsiz hərəkətləri yalnız öz əleyhinə işləyəcək:
"Avropa Şurası Parlament Assambleyası bu hərəkətlə heç nəyə nail ola bilməyəcək. Onların qərəzli addımları Azərbaycana görədir. Bu qısqanclıqdır. Azərbaycan Prezidentinin qətiyyətli siyasəti, suverenliyimizin bərpa edilməsi, artan nüfuzumuz, güclü mövqeyimiz Fransa və onun əlaltıları olan dövlətləri və qurumları narahat etməyə başlayıb. Belə bəyanatlar, qərarlar yalnız onların öz əleyhinə işləyəcək. Azərbaycan nümayəndə heyətinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması və oradan bəyanat verərək çıxması təşkilata utanc gətirən bir məsələdir. Bütün dünya bu təşkilatın islamafobiya, türkofobiya hissləri və siyasəti altında boğulduğunu göstərir. Düşünürük ki, təşkilat özünün təməl prinsiplərinə qayıdaraq doğru və düzgün addım atsa, təbii ki, gələcəkdə nümayəndə heyətimiz orada fəaliyyətinə geri qayıda bilər".
Mikayıl Mirzəzadə