Ağstafada "Keşikçidağda Novruz adət-ənənələri yaşadılır” adlı bayram tədbiri keçirilib.
AZXEBER.COM xəbər verir ki, "Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə RİH başçısı bayram təbriklərini çatdırıb, milli mənəvi dəyərlərimizi təcəssüm etdirən bu cür tədbirlərin təşklinin yüksək əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan olan Novruzun dəyərlərinin yaşadılması, gənc nəsilə aşılanması, o cümlədən Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən tarixi abidələrin tanıdılmasıdır.
Tədbir qoruğa məxsus informasiya mərkəzində qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, udun sədaları altında və kosa, keçəl, Bahar qızının müşayiəti ilə milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atlarının gəlişi ilə başlayıb.
"Kitab-i Dədə Qorqud” dastanının əsas prototipi hesab edilən el ağsaqqalı Dədə Qorqudun dilindən ibrətamiz sözlər söylənilmiş, Novruz atributları ilə bəzədilmiş bayram dekorasiyaları və xalçalarla, saxsı nümunələri ilə bəzədilmiş alaçıqlar nümayiş etdirilib. Kiçik karateçilərin göstərdikləri idman nümunələri də maraqla qarşılanıb.
İstedadlı gənclərin təqdim etdikləri konsert proqramından sonra Novruz tonqalı alovlandırılıb, ətrafında güc, harmoniya və birlik simvolu hesab edilən milli Yallı rəqsi oynanılıb.