Məşhur astroloq Dinçer Güner bu həftə göy üzündə həm ciddi maneələrin, həm də böyük fürsətlərin eyni anda yaşanacağını bildirib.
AZXEBER.com xarici mətbuata istinadən xəbər verir ki, tutulmadan sonrakı həftəyə keçid etdiyimizi qeyd edən Güner, astroloji baxımdan qarşıdakı günlərin həm çətinliklərlə, həm də uzunmüddətli imkanlarla zəngin olacağını deyib.
Astroloqun sözlərinə görə, həftənin ən diqqətçəkən təsirlərindən biri Mars və Saturn arasındakı kvadrat aspekt olacaq.
Xərçəng bürcündəki Mars ilə Qoç bürcündəki Saturnun qarşıdurmasının atılmaq istənilən addımlarda gecikmələrə, bürokratik maneələrə və gözlənilməz problemlərə səbəb ola biləcəyi bildirilib.
Güner xüsusilə səbirsizliyin bu həftə ciddi problemlər yarada biləcəyini vurğulayıb. Marsın Xərçəng bürcündə yerləşməsi səbəbindən emosional reaksiyaların, həssaslığın, incikliklərin və küskünlüklərin arta biləcəyini qeyd edib.
Onun sözlərinə görə, ailə münasibətləri, ev, yaşayış yeri və daşınmaz əmlakla bağlı məsələlərdə gərginlik yaşana bilər.
Astroloq hər hansı məsələdə həddindən artıq israrçı və obsesiv davranmamağı tövsiyə edib. Bəzi hallarda hadisələrin təbii axarına buraxılmasının daha doğru seçim ola biləcəyini bildirib.
Böyük fürsətlər də gözlənilir
Dinçer Güner həftənin yalnız çətinliklərdən ibarət olmadığını, əksinə, böyük fürsətlər də təqdim etdiyini vurğulayıb.
Astroloqun sözlərinə görə, Şir bürcündəki Yupiterlə Qoç bürcündəki Saturn arasında formalaşacaq üçbucaq aspekt müsbət təsirləri ilə seçiləcək.
Güner bu dövrün orta və uzunmüddətli planlar qurmaq, dayanıqlı layihələrə başlamaq və uzun müddətdir təxirə salınan arzuları reallaşdırmaq üçün əlverişli olduğunu deyib.
İş qurmaq, karyerada yeni məsuliyyətlər götürmək, investisiyalara yönəlmək və ya yeni təhsilə başlamaq istəyənlər üçün əlverişli şərait yarana biləcəyini bildirən astroloq, xaricdə əlaqəli işlər, nəşriyyat, yazıçılıq və hüquqi proseslərdə də müsbət inkişafların yaşana biləcəyini qeyd edib.
Dünyada gərginlik, iqtisadiyyatda ümid
Güner göy üzündəki bu təsirlərin qlobal miqyasda da özünü göstərə biləcəyini bildirib.
Onun fikrincə, Mars-Saturn kvadratı dünya miqyasında ərzaq təhlükəsizliyi, sərhədlər, torpaq məsələləri və təbiət hadisələri ilə bağlı prosesləri gündəmə gətirə bilər.
Saturnun Qoçdakı təsirinin yanğınlar, partlayışlar və uzun müddət yığılan enerjinin qəfil üzə çıxması formasında özünü göstərə biləcəyini deyən astroloq, dünyada müəyyən sərt gərginliklərin yaşana biləcəyi barədə xəbərdarlıq edib.
Digər tərəfdən, Yupiter-Saturn üçbucağının qlobal maliyyə bazarlarına rahatlıq gətirə biləcəyini düşünən Güner, ölkələr arasında böyük iqtisadi razılaşmaların əldə oluna biləcəyini bildirib.
Astroloq bazarları rahatladacaq və müsbət qarşılanacaq kontrollu iqtisadi addımların atılmasının da mümkün olduğunu qeyd edib.
Güner maliyyə üzrə mütəxəssis olmadığını və açıqlamalarının investisiya məsləhəti kimi qəbul edilməməli olduğunu xüsusi vurğulayıb.











































