Əjdaha ilində bizi bahalıq, təbii fəlakət, ictimai-siyasi gərginliklər gözləyir, amma dünya dağılmayacaq
2011-ci ilin başa çatmasına iki həftədən də az qalır. Qarşıdan gələn 2012-ci il Şərq təqviminə görə qara Əjdaha ilidir, ünsürü sudur. Əjdaha ili uğur və qələbə ili kimi xarakterizə olunur.
Əvvəlcə Əjdaha illərində baş vermiş bəzi yaddaqalan və səs-küylü hadisələrə nəzər yetirək:
İngiltərə və Hollandiya arasında müharibə başlayıb;
Çar ordusu günahsız və silahsız əhalini gülləbaran etməklə tarixə “Qanlı bazar günü”nü yazıb;
Aviasiya tarixində ilk dəfə ABŞ-dan Avstraliyaya birbaşa hava uçuşu həyata keçirilib;
Baltikyanı dövlətlər sovet ordusu tərəfindən işğal edilib;
Ermənistan ərazisində yaşayan Azərbaycan türklərinin sonuncu deportasiyası olub;
Ermənilərin Dağlıq Qarabağla bağlı qeyri-qanuni tələblərinə qarşı Bakıda milli-azadlıq hərəkatına start verilib;
Sovet qoşunları Əfqanıstandan çıxarılmağa başlayıb;
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy vəfat edib;
Bakıda 6,5 bal gücündə zəlzələ baş verib...
Əjdaha ilində anadan olan məşhurlara gəlincə isə bir çoxlarının adını çəkmək olar: Ömər Xəyyam, Jan - Jak Russo, Fridrix Engels, Oskar Uayld, Salvador Dali, Çarlz Darvin, Avraam Linkoln, Fransua Mitteran, Fridrix Nitşe, Al Paçino, Pele, Rinqo Starr, Kristian Dior, Əhməd Cavad, Vəfa Quluzadə, yazıçı İsa Hüseynov, Mehriban Əliyeva və başqaları.
Bəs 2012-ci il bizə nələr vəd edir? Astroloqların tövsiyəsinə görə, ili aktiv, pozitiv və ailə ilə birgə qarşılamaq lazımdır. Ümumiyyətlə, 2012-ci il xüsusi il sayılır, onu xüsusi qarşılamaq lazımdır. Əsas odur ki, passivlik olmasın. Şərq təqviminin digər heyvanlarından fərqli olaraq Əjdaha mifik heyvandır.
Astroloq Firudin Qurbansoy deyir ki, 2012-ci il sınaq ilidir. Bu il kəskin ağrılarla böyük dəyişikliklərin baş verdiyi ildir: “İctimai həyatın bir sıra sahələrində əsaslı dəyişikliklər gözlənilir. Bu il kəskin dönüşləri ilə yadda qalacaq. Əjdaha ili kəskin imtahanlar dövrüdür. Ölüm özünü bu il daha qabarıq şəkildə göstərir. Demirəm ucuzluq olacaq, iqtisadiyyatın hər sahəsində bahalıq özünü göstərəcək. Ailə quranların sayı da keçən illərə nisbətən az olacaq. Bu il öz neqativ proqnozları ilə daha çox yadda qalacaq. Çalışmaq lazımdır hər kəs imkan daxilində ancaq yaxşı işlər görsün ki, qarşısına da yaxşı işlər çıxsın. Nə qədər yamanlıq etsə, 10 dəfə artığı ilə rastlaşacaq”.
Astroloq Səbuhi Rəhimli isə deyir ki, yaxınlaşmaqda olan il daha çox mənfi yönümü ilə yadda qalacaq: “2012-ci ildə insanlarda daxili azadlıq bir qədər məhdudlaşacaq. Gələn il istər ictimai-siyasi hadisələrdəki gərginliklər, istərsə də təbiət hadisələri ötən illərlə müqayisədə artacaq, təbii fəlakətlər, qarşıdurmalar daha çox olacaq. Amma bu hadisələr dünya müharibəsinə gətirib çıxaran dərəcəyə çatmayacaq”.
İnsanları qorxu və təşvişə salan bir amil bu gün çox qabardılır. Bu da 2012-ci ildə dünyanın dağılması, axirət gününün gəlməsi xəbərləridir. Bu barədə astroloqların da fikirlərini öyrənmək maraqlıdır. F.Qurbansoyun fikrincə, dünyanın dağılması xəbərlərini çıxaranların məqsədi var: “Bunun da əsas mənbəyi Amerikadır. ABŞ dünyanın hegemonu olaraq qalmaqda israrlıdır. Məqsəd də bəşəriyyəti qorxu içində saxlamaqdır. Çünki qorxaq adamı idarə etmək çox asandır. Amma dünyanın axırı haqda deyilən o cəfəngiyatın nə elmi, nə də real əsası yoxdur. Düzdür, bəşəriyyəti, Yer kürəsini qlobal ekoloji fəlakət bürüyüb. Amma bu, o demək deyil ki, konkret deyəsən ki, məsələn, filan il dünya dağılacaq. Demək istəyirəm ki, bunların heç biri olmayacaq. Qiyamət günü barədə deyilən sözlərin hamısı cəfəngiyatdır. İndi də eşitdiyimizə görə, dünyanın dağılacağı günü 2036-cı və bir də 2084-cü illərə çəkiblər. Hətta yadınızdadırsa, 2011-ci ilin may ayı üçün də demişdilər ki, dünya dağılacaq. Sonra dedilər səhv etmişik, noyabrda olacaq. Hanı bəs? Dünya dağılmadı ki. Qəribədir, heç kəs problem qaldırmır ki, bu cəfəngiyatı yayanları niyə məhkəməyə cəlb eləmirlər? Elə adamlar var ki, bu xəbəri eşidəndə ürəyi partlayıb ölür. Elə adam var toyunu təxirə salır. Böyük planlarından əl çəkir. Arada gəzən söz-söhbətlərə, cəfəngiyatlara inanmağın heç bir əhəmiyyəti yoxdur”.
S.Rəhimli də “2012-ci ildə dünya dağılacaq” kimi iddialarla razılaşmayaraq bildirir ki, bu, əsassız, uydurma fikirlərdir. Ancaq 2012-ci ildə insanın təfəkküründə, dünyaya baxışında, insanlara münasibətində köklü dəyişikliklər başlayacaq.
Əjdaha ili 2012-ci il, yanvarın 23-də başlayacaq və 2013-cü il, fevralın 9-dək davam edəcək. F.Qurbansoyun fikrincə, 2012-ci il torpaq və su ünsürlü bürclər üçün daha uğurlu olacaq, nəinki hava və od ünsürlü bürclər üçün: “Bu il su əjdahasının ilidir. Ona görə də su ilə, torpaq ünsürləri ilə bağlı bürclər özlərini daha rahat hiss edəcək. 2012-də subasmalar, suyun səviyyəsinin qalxması, hətta zəlzələlər, palçıq vulkanları baş verəcək. Kəskin iqlim dəyişmələri kənd təsərrüfatına böyük ziyan vuracaq”.
S.Rəhimlinin sözlərinə görə, ilin daş-qaşı əqiq, rubin və zümrüddür. Bu daşlar bir qədər talisman, qoruyucu xarakteri daşıyır. Gümüş isə ilin metalıdır. S.Rəhimlinin sözlərinə görə, əjdaha ilində mədəniyyət sahəsində, xüsusilə də səhnədə uğurlar daha çoxdur.
//musavat.com