'Ağsu rayon icra hakimiyyəti şəhidə hörmətsizlik edib' - BƏYANAT
16:19 11.06.2012
2070
Qarabağ Azadlıq Təşkilatı (QAT) bəyənat yayıb. AZXEBER.COM həmin bəyanatı təqdim edir. "Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, atəşkəs rejimi işğalçı Ermənistan qüvvələri tərəfindən tez-tez pozulur, lokal döyüşlər baş verir, düşmən tərəfinin itkilər ilə yanaşı, düşmənin hücumlarını dəf edərkən əsgərlərimiz şəhid olurlar. Döyüşdə itkilər labüddür. Bundan qaçmaq mümkün deyil. Lakin həlak olan əsgərlərimizin son mənzilə yola salınması, hüzr mərasimlərinin forması, şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi ilə bağlı məsələlər hələ istənilən səviyyədə deyil! Çox vaxt məmur özbaşınalığı, biganəliyi, diqqətsizliyi nəticəsində xoşagəlməz vəziyyət yaranır.Cəbhə xəttində son hadisələr zamanı həlak olmuş şəhidlərimiz üçün müxtəlif rayonlarda,əsasən şəhidlərin adına layiq mərasimlər təşkil olundu, dəfn mərasimləri keçrildi. Lakin bəzi yerlərdə problemlər də yaşandı. Bu hal Ağsu rayonunda özünü daha qabarıq şəkildə göstərdi. Rayonun Daşdəmirbəyli kəndindən olan şəhid Vahid Bağırlının dəfni, xatirəsinin yad edilməsi zamanı icra hakimiyyəti nümayəndələri və polis əməkdaşları tərəfindən kobudluq və qeyri-etik hərəkətlərin edilməsi haqlı narazılığa səbəb olub. Qarabağ Azadlıq Təşkilatının Ağsu rayon şöbəsinin üzvləri şəhidin qarşılanması, dəfn edilməsi və yas mərasiminin keçrilməsində fəal iştirak edib, şəkillərinin yayılması, xatirə lövhəsinin qoyulmasını təşkil ediblər. Təəssüf ki, icra hakimiyyətinin nümayəndələri və polislər onlara mane olmağa çalışıb, bir sıra yerlərdə şəhidin şəklini cırıblar, ədəbsiz sözlər işlədiblər, QAT üzvlərinə qarşı kobudluq ediblər. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, şəhidlərimizə qarşı bu cür hərəkətlər yolverilməzdir. Bu cür hərəkətlər cəmiyyətdə mənfi əhval-ruhiyyə yaradır, hərbi vətənpərvərlik hisslərinə zərbə vurur. Biz Prezident Administrasiyasının uyğun strukturlarını, Daxili İşlər Nazirliyini bu məsələni araşdırmağa, günahkarları cəzalandırmağa çağırırıq".